Logo

Azərbaycan qeyri-neft ixracını 17% artırıb


Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə 1,413 mlrd. ABŞ dolları dəyərində ixrac həyata keçirilib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 206 mln. dollar və ya 17% çoxdur.

Redaktor.az-ın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, bu ilin doqquz ayında Rusiyaya 465,6 mln. dollar (artım 16%), Türkiyəyə 304 mln. dollar (artım 10%), İsveçrəyə 125,4 mln. dollar (artım 19%), Gürcüstana 123,2 mln. dollar (artım 26%) və İtaliyaya 34,4 mln. dollar (artım 2,2 dəfə) dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Hesabat dövründə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (142,3 mln. dollar) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 120,8 mln. dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (87,9 mln. dollar) üçüncü yerdə qərarlaşıb. 

Ümumiyyətlə, 2019-cu ilin doqquz ayı ərzində meyvə-tərəvəz ixracı 389,8 mln. dollar, plastmas və onlardan hazırlanan məmulatların ixracı 152 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,2 mln., pambıq lifi ixracı 86,7 mln.,  kimya sənayesi məhsullarının ixracı 76,6 mln. dollar, elektrik enerjisinin ixracı 62,9 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46,7 mln. dollar, şəkər ixracı  23,2 mln. dollar, pambıq ipliyi ixracı 22,5 mln. dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı 20,3 mln. dollar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 85%, plastmas və onlardan hazırlanan məmulatların ixracı 59%, pambıq lifinin ixracı 38%, kimya sənayesi məhsullarının ixracı 35%, pambıq ipliyinin ixracı 32%, meyvə-tərəvəzin ixracı 14%,  şəkər ixracı 12%, elektrik enerjisinin ixracı 6% artıb.

Sənaye,
30.10.2019 20:20 14
Teqlər: İqtisadiyyat.Az, sənaye,