Logo

Əqli Mülkiyyət Agentliyi tərəfindən 112 min manata yaxın qonorar yığılıb


“Azərbaycanda böyük həcmli əsərlərdən istifadəyə görə qonorar yığılması və müəlliflərə çatdırılması sahəsində kollektiv idarəetmə təşkilatı olmadığından, bu funksiya Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilir və buna görə heç bir xidmət haqqı tutulmur”.

İqtisadiyyat.Az xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “Müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi: əsas prinsiplər və beynəlxalq təcrübə” mövzusunda beynəlxalq regional seminarda Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov bildirib.

Onun sözlərinə görə, təkcə 2018-ci ildə Agentlik tərəfindən 111662 manat qonorar yığılıb. Beləliklə, qonorar yığımı Azərbaycanda dram əsərlərinə görə 111,5 min (45%), musiqili əsərlərə 97 min (38%) və audiovizual əsərlərə görə 43 min manat (17%) təşkil edir. Bu yığımı təşkil edən strukturlar müvafiq olaraq, Əqli Mülkiyyət Agentliyi, “Azərbaycan müəllifləri” kollektiv idarəetmə təşkilatı və Kinorejissorlar Gildiyasıdır. Avropa regionunda musiqili əsərlərə görə qonorar yığımı 77% təşkil edərək, dram əsərlərinə görə yığımı (7,1%) 10 dəfə, audiovizual əsərlərə görə yığımı (13,3%) təxminən 6 dəfə üstələdiyi halda, Azərbaycanda vəziyyət tam əksinə, dünya trendi ilə uyğunlaşmır, hətta ona ziddir. Belə ki, dram əsərlərinə görə olan yığım digər əsər növlərinə aid olan yığımı üstələyir: "Yaranan paradoksal vəziyyət bizi düşünməyə və tədbir görməyə vadar edir. Heç də təsadüfi deyil ki, Beynəlxalq Müəlliflər və Bəstəkarlar Cəmiyyətləri Konfederasiyası (CİSAC) son hesabatında hüquqların təmin edilməsində digər dövlətlərlə yanaşı, Azərbaycanın da kollektiv idarəetmə təşkilatlarını tənqid edir. Hesabatda göstərilir ki, “Azərbaycan müəllifləri” kollektiv idarəetmə təşkilatı CİSAC-ın tam üzvü olaraq musiqili əsərlərlə yanaşı, dram əsərlərinə aid fəaliyyət göstərir. Tam məsuliyyətlə qeyd edirəm, bu kollektiv idarəetmə təşkilatının buna səlahiyyətləri yoxdur və dram əsərləri ilə bağlı qonorar yığımını hökumətin göstərişi ilə ictimai yük kimi Əqli Mülkiyyət Agentliyi aparır. Əmələ gələn yanlışlıq səbəbindən Azərbaycanda qonorarın ən çox yığımı, yəni dram əsərlərinə görə yığım CISAC-ın hesabatına düşmür və nəticədə təhrif olunmuş mənzərə yaradır".

İKT,
29.10.2019 13:55 22
Teqlər: İqtisadiyyat.Az, İkt,
İstinad: Apa.az