Logo

“Huawei” ötən ilin lideri oldu


Çin telekommunikasiya korporasiyası “Huawei” ötən il dünyanın hər hansı digər şirkətindən daha çox patent ərizəsi verib, lakin texnoloji baxımdan onların bir çoxu Amerika rəqiblərinə məğlub olub.

Bu barədə “Nikkei” nəşri Yaponiyanın “Patent Result” tədqiqat şirkətinə istinadən xəbər verir.

“Huawei” ötən il üçün ümumilikdə 5405 belə ərizə təqdim edib ki, bu da reytinqdə ikinci yerdə olan Yaponiyanın “Mitsubishi Electric”dən və üçüncü pillədə qərarlaşan Amerikanın “Intel” şirkətindən iki dəfə çoxdur. Lakin onların yalnız 21% - ni yüksək innovasiyalar kateqoriyasına aid etmək olar. Bu göstərici “Intel”-də 33%, Amerikanın digər texnoloji korporasiyası olan “Qualcomm”da  44% təşkil edir.

Hesabatda, həmçinin qeyd edilir ki, digər Çin şirkətləri arasında “Huawei” patentlərin ən aktiv alıcısı kimi fərqlənir. Ötən il ərzində o, 500-ə yaxın belə alış edib, onların yarısı Amerika firmalarına və developerlərinə məxsus olub. Söhbət rəqəmsal siqnalın ötürülməsi, mobil şəbəkələrin idarə edilməsi və s. texnologiyalardan gedir. “Patent Result” analitiklərinin fikrincə, belə bir siyasət sayəsində, “Huawei” sanksiyaların qüvvədə olduğu şəraitdə ən qısa müddətdə texnoloji müstəqilliyi əldə etməyə çalışır. 

“Huawei” korporasiyası 1987-ci ildə təsis edilib. O, telekommunikasiya avadanlığı, eləcə də istehlak qurğuları, smartfonlar istehsal edir. Şirkətin məhsulları və xidmətləri 170-dən çox dövlətdə istifadə olunur. ABŞ və Avstraliyanın onu texniki casusluqda və məxfi məlumatların toplanmasında ittiham etməsindən sonra korporasiya beynəlxalq iqtisadi sanksiyalarla üzləşmək təhlükəsi altına düşüb.

Amerika prezidenti Donald Tramp mayın 15-də Birləşmiş Ştatların informasiya-kommunikasiya infrastrukturunun mənfi xarici faktorlardan qorunması üçün fövqəladə vəziyyət rejimini tətbiq edən fərman imzalayıb. Bununla əlaqədar olaraq,  ABŞ Ticarət Nazirliyi mayın 17-də “Huawei “i ölkənin milli təhlükəsizliyinə təhdid olan subyektlərin qara siyahısına daxil edib. Korporasiyanın rəhbərliyi dəfələrlə bəyan edib ki, kommersiya fəaliyyətini yalnız qanun çərçivəsində həyata keçirir.

İKT,
27.10.2019 08:41 15
Teqlər: İqtisadiyyat.az, İkt,