Logo

Bu universitetdə maaşlar artırıldı


Oktyabrın 22-də Azərbaycan Texniki  Universiteti (AzTU) Elmi Şurasının növbədənkənar iclası keçirilib.

İqtisadiyyat.Az xəbər verir ki, AzTU-nun rektoru, professor Vilayət Vəliyev əvvəlcə iclasın gündəliyi ilə iştirakçıları tanış edib.

İclasda professor Vilayət Vəliyev  Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu sosial siyasətdən  danışıb,  davamlı olaraq həyata keçirilən bu siyasətin ölkəmizin inkişafında  prioritet istiqamətlərdən biri olduğunu bildirib. Rektorun sözlərinə əsasən, AzTU  əməkdaşlarının sosial durumlarının daha da yaxşılaşdırılması məqsədilə sentyabr ayının 1-dən əməkhaqları ortalama 12 faiz artırılır.

Çıxışında sənaye inqilabından söz açan V.Vəliyev elmi araşdırmaların vacibliyini vurğulayıb və qeyd edib ki, tədqiqat universitetinə çevrilə bilməyən ali məktəblər inkişaf edə bilməyəcək.

Əməkhaqqının differensasiyası ilə bağlı tədbirlərin görülməsi haqqında məlumat verən rektor bildirib ki, "Differensial Əməkhaqqı Sisteminin" tətbiqi  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçiriləcək. Eyni zamanda AzTU Differensial Əməkhaqqı Sisteminin tətbiqində öz modelini yaratmaq niyyətindədir.

Elmi Şurada əməkhaqlarının differensasiyası sisteminin işləmə mexanizmi üzrə komissiyanın formalaşdırılması üçün İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.

İclasda AzTU-da bakalavriat səviyyəsi üzrə mütəxəssis hazırlığı həyata keçirilən bəzi ixtisasların adlarında düzəliş edilməsi,  dissertasiya, təcrübə, buraxılış, kurs işlərinin yeni bazasının formalaşdırılması, struktur dəyişiklikləri ilə bağlı fakültələrin tərkibinin müəyyənləşdirilməsi və digər məsələlər müzakirə edilib.

Sosium,
23.10.2019 10:50 52
Teqlər: İqtisadiyyat.Az, sosium,