Logo

Vergilərdən xəbərdarlıq: Əməliyyatları qəpik-quruşa rəsmiləşdirmək - MÜMKÜN OLMAYACAQ


Vergi Məcəlləsinin 14-cü maddəsi bazar qiymətinə həsr olunub. Vergi ödəyiciləri tərəfindən bu maddənin müəyyən müddəaları ilə bağlı suallar ortaya çıxır. Başlıca suallara maliyyə məsləhətçisi Vüqar Mirheydərov aydınlıq gətirib.

Maddə bir məhsulun (eləcə də iş və ya xidmətin) bazar qiyməti anlayışını tələb və təklifin qarşılıqlı təsiri nəticəsində yaranan qiymət kimi müəyyənləşdirməklə başlayır. Vicdanlı vergi ödəyicilərinə və standart əməliyyatlar növlərinə yer ayırdıqdan sonra (hər ikisi üçün, bazar qiyməti, əks hal sübut olunmayana qədər, real bir əməliyyatın qiyməti kimi alınır) vergi orqanlarının müqavilənin bazar qiymətini yenidən hesablaya biləcəyi vəziyyət və əməliyyatların siyahısı göstərilir. Vəziyyət və əməliyyatları əks etdirən siyahıya daxildir:

  • Barter əməliyyatları və idxal-ixrac əməliyyatları;
  • Qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirilən təsərrüfat əqdləri;
  • 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə;
  • Əmlak qalıq dəyərindən artıq miqdarda sığortalandıqda;
  • Vergitutma məqsədləri üçün daşınmaz əmlakın kirayəsi müqaviləsinin dəyərini müəyyənləşdirərkən.

Məsələn, tutaq ki, "Asiman" MMC "Məsləhət Konsaltinq" MMC ilə müqavilə bağlayır. Buna əsasən "Asiman" müqavilə bağladığı "Məsləhət Konsaltinq"ə 2019-cu il ərzində dəftərxana ləvazimatları tədarük edir, "Məsləhət Konsaltinq" isə buna qarşılıq olaraq məsləhət xidmətləri göstərir. Lakin şirkətlərdən heç biri bu əməliyyat üzrə satılan malları (xidmətləri) bəyannamədə göstərməyib. Növbəti səyyar vergi yoxlaması barter əməliyyatını aşkar etdikdə, dərhal 14.3.1-ci maddəni tədbiq edib, yoxlama aktına 2019-cu il üçün yenidən hesablanmış gəlir vergisi + 50% sanksiyanı daxil edib.

Kədərli mənzərədir? Bəli. Ədalətsizdir? Razı deyiləm. Axı, "Asiman" MMC satılan malları satış bölməsində, alınan xidmətləri işə xərclər bölməsində mütləq göstərməli, qiymətləri bazarda qüvvədə olan qiymətlərin orta məbləği kimi hesablayıb bəyannamədə qeyd etməli idi.

Başqa bir misal. "Məsləhət Konsaltinq" MMC şirkətinin təsisçisi Məmməd Əhmədovun həyat yoldaşının adına olan daşınmaz əmlakı öz şirkətinə simvolik bir məbləğə icarəyə verib ki, həmin şirkət bu əmlakın ünvanını öz hüquqi ünvanı kimi istfadə edə bilsin. Burada yalnız bir məqam nəzərə alınmayıb - kirayə gəlirləri ödənilərkən ödəmə mənbəyindən vergi ödənilməlidir. Başqa sözlə, vergi yoxlaması icarə müqaviləsinin və ödəmə mənbəyində tutulan verginin məbləğini bu sahədəki mənzillərin orta kirayə qiymətinə uyğun olaraq yenidən hesablayacaq. Əslində, Məmmədin öz şirkətini əlavə və mənasız xərclərlə yükləmək istəməməsi başadüşüləndir, lakin o, vergi yoxlamasından əvvəl kirayənin orta qiymətini hesablamalı, həmin qiymətin 14 faizi məbləğində vergi ödəməli, aylıq icarə haqqını isə 0 manat göstərməlidir – bu cür yanaşmanı heç kim ona qadağan edə bilməz.

Bütün fərdi sahibkar və hüquqi şəxslərə tövsiyə olunur ki, 14-cü maddənin təsiri altına düşən vəziyyətlərdə vergi öhdəliklərinin yenidən hesablanmasını vergi yoxlamasının ümidinə qoymayıb, özləri hesablayıb ödəsinlər. Bu halda, onlar özlərini 50 faizlik maliyyə sanksiyasından qorumuş olarlar. fed.az

Vergi,
19.10.2019 15:12 34
Teqlər: