Logo

Gül istixanası istifadəyə verildi


Oktyabrın 16-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Şəmkir rayonunun Sarıtəpə kəndində istixana təsərrüfatı fəaliyyətə başlayıb.

KOBİA-dan  bildirilib ki, “Azaqro” MMC-yə məxsus istixananın fəaliyyətinin genişləndirilməsi üçün agentlik tərəfindən konsaltinq və hüquqi məsləhət xidmətləri, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə, dövlət dəstəyi mexanizmləri haqqında məlumatlandırma və onlara çıxış kimi istiqamətlərdə dəstək göstərilib.

Layihə investisiya təşviqi sənədi əsasında reallaşdırılıb və 2,3 milyon manat həcmində investisiya yatırılıb. Niderlandın “Cherthon” şirkətinin layihəsi üzrə yaradılmış istixanada innovativ texnologiyalar əsasında 1 hektar sahədə gül yetişdirilir. Təsərrüfatın illik istehsal gücü 1,5-2 milyon ədəd gül təşkil edir.

İstixana təsərrüfatı qeyri-neft ixracının artmasına, regionda məşğulluğun təmin edilməsinə də öz müsbət töhfəsini verəcək. Burada yetişdirilmiş güllər daxili və xarici bazarda (Gürcüstan, Rusiya) satılacaq. İstixana təsərrüfatında 30 nəfər yerli sakin işlə təmin edilib.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov KOBİA-nın dəstəyinin layihənin uğurla reallaşmasında əhəmiyyətli olduğunu, rayonda “KOB Dostu”nun fəaliyyətə başlamasının rayonda fəaliyyət göstərən sahibkarlara dəstək olacağını qeyd edib.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu qeyd edib, bu istiqamətdə reallaşdırılan dövlət dəstəyi tədbirləri, agentliyin fəaliyyəti barədə məlumat verib. İstixana təsərrüfatının yaradılmasının KOB sektorunun inkişafında əhəmiyyətli olduğunu qeyd edən O.Məmmədov KOB-lara və onların layihələrinə davamlı olaraq dövlət dəstəyinin göstərildiyini və bunun davamlı olacağını diqqətə çatdırıb.

Aqrar,
16.10.2019 16:14 35
Teqlər: İqtisadiyyat.Az, aqrar,