Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təklə Kənd Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri, tanınmış həkim-terapevt Mənsur Hümbətov vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, o, qəfildən dünyasını dəyişib.

Qeyd edək ki, Hümbətov Mənsur İslam oğlu 1954-cü ildə Qərbi Azərbaycanın Vardenis rayonunun Aşağı Borça kəndində anadan olub. O, 1978-ci ildə Azərbaycan Dövlət Tibb İnistutunun "müalicə işi" fakultəsi üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 1979-cu ildə Xankəndi şəhərində təcili tibbi yardım şöbəsində həkim vəzifəsində başlayıb və 1983-cü ilədək orada fəaliyyətini davam etdirib.

Daha sonralar isə Bakı şəhər 4 nömrəli Tibbi Sanitar hissədə şöbə müdiri və Nərimanov rayon 18 saylı şəhər poliklinikasında baş həkimin ekspertiza üzrə müavini vəzifələrində çalışıb. O, iki ay əvvəl - ötən ilin dekabr ayında Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təklə Kənd Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri vəzifəsinə təyin olunmuşdu.

M.Hümbətov 2022-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Şuşaya göndərilən həkim briqadasının üzvlərindən biri olub. O, Birinci Qarabağ müharibəsində Ağdərə və Ağcabədidə yaralıların müalicəsində bilavasitə iştirak edib, Vətən müharibəsi veteranıdır.