"Taksi fəaliyyəti ilə bağlı təsdiq olunan yeni tələblərdən sonra ölkəmizə bəzi avtomobillərin idxalı artacaq".

Bu sözləri İqtisadiyyat.az-a nəqliyyat eksperti Yasin Mustafayev deyib.

Onun sözlərinə görə, əsasən hibrid və elektrikli, o cümlədən Çin istehsalı olan avtomobillərin artımı gözlənilir.

Ekspert hesab edir ki, digər istiqamətlər üzrə gələn avtomobillərdə isə idxal səviyyəsi aşağı düşəcək.

Y.Musatafayev həmçinin "Prius"ların əksəriyyətinin dövriyyədən çıxacağını söyləyib. O, hazırda avtomobil bazarında vəziyyətin gərgin olduğunu vurğulayıb:

"Təsdiq olunan yeni tələblərə görə, istehsal tarixi 15 ildən artıq olan avtomobillər taksidə fəaliyyət göstərməyəcək. Bu isə "Prius"ların çoxunun dövriyyədən çıxacağını göstərir. Ona görə də bu avtomobillər bazarda kütləvi şəkildə təqdim olunur. Tələb-təklif qanuna görə, bu avtomobillərin qiyməti xeyli dərəcədə aşağı düşüb. Bazarda artıq elektrikli və hibrid avtomobillərin alış-satışı çoxalıb. Mühərrik həcmi böyük olan avtomobillərin isə satışı çoxalsa da, alışı azalıb. Çünki hər kəs qənaətcil, eyni zamanda müasir avtomobillərə keçid etmək istəyir".

Gülşən Şərif