Taksilərlə bağlı yeni tələblərdən sonra paytaxtın maşın bazarında canlanma müşahidə olunub. Bu dəfə satıcıların sayı alıcıların sayından əvvəlki günlərə nisbətdə kifayət qədər çox olub. Kimi avtomobilini yeniləmək istədiyi üçün, kimi kreditini ödəyə bilmədiyi üçün, kimi isə ümumiyyətlə tıxacların əlindən canını qurtarmaq üçün maşınını satmaq qərarına gəlib. Sosial şəbəkələrdə isə yeni qərardan sonra tələblərə cavab verməyən avtomobillərin kütləvi satışa çıxarıldığı və qiymətlərinin isə kəskin enməsi ilə bağlı məlumatlar yayılıb.

İqtisadiyyat.az-ın əməkdaşı mövcud vəziyyəti öyrənmək üçün Bakının maşın bazarına yollanıb.

Burada "Lada" markalı avtomobillərdən tutmuş "Range Rover"ə, "Mercedes"dən tutmuş hər markada avtomobilə rast gəlmək mümkündür. Doğrusu, bazara gəlməzdən öncə “Prius”ların sayından ayaq basmağa yer olmayacağını düşünmüşdüm. Lakin satışa çıxarılan "Prius"ların sayı bir o qədər də fantastik deyil.

Bununla yanaşı, bazarın giriş-çıxışında avtomobil alış və satışı ilə məşğul olan alverçilərə də rast gəlinir. Bəzən olur ki, avtomobil bazara daxil olmadan elə girişdə alverçilərin qarmağına tuş gəlir. Alıcılar deyir ki, alverçilərin bu qeyri-leqal ticarəti həm də bazar qiymətinə mənfi təsir göstərir. Həmçinin alıcılar qiymətlərin baha olmasından, satıcılar isə alıcı qabiliyyətinin kəskin aşağı düşməsindən gileyləniblər.

Amma apardığımız müşahidələr onu deməyə əsas verir ki, "Prius"lara maraq bir qədər fərqli formada artıb. Çünki indiyədək bu model avtomobillərə tələb taksidə istifadə üçün olub. Amma son günlər bu avtomobillərin kütləvi satışı ilə bağlı informasiyalar satıcıları doğrudan da panikaya salıb. Ona görə də sahibləri artıq bu avtomobilləri taksi fəaliyyəti ilə bağlı tələblərə cavab vermədiyi üçün dəyər-dəyməzinə satmaq qərarına gəliblər. Bəzi insanlar isə şəxsi istifadə üçün bu avtomobillərin əlverişli olduğunu söyləyirlər.

Satıcı Kazım Əliyev deyir ki, ötən bazar 14.500 manata satmadığı "Prius"u cəmi bir həftə sonra 10 000 manata razılaşıb. O, yeni tələblərdən sonra bu avtomobilin qiymətinin düşdüyünü və buna görə də cəmi bir həftəyə azı 4500 manat zərər etdiyini söyləyib: "Avtomobilim 2008-ci il istehsallıdır. Bunun ölkəyə gəliş qiyməti təxminən 8500-9 min manata başa gəlir. İndi sərhəddən ölkə ərazisinə keçmədiyinə görə belə maşınların qiyməti qalxmışdı. Amma yeni qərardan sonra qiyməti salmaq məcburiyyətində oldum. Çünki bu maşınla sırf taksi fəaliyyəti ilə məşğul olmuşam".

Həmin maşını almaq üçün razılaşan Pənah Ağayev isə bu nəqliyyat vasitəsini şəxsi istifadə üçün idarə edəcəyini bildirib. O, əslində 10-15 min manat civarında şəxsi istifadə üçün yararlı avtomobil almaq üçün bazara gəldiyini deyib. Sadəcə, "Prius"ların qiymətinin düşməsinə görə bu maşına maraq göstrəməyə başlayıb.

Ucardan paytaxtın maşın bazarına təşrif buyuran 62 yaşlı Oruc Kazımov isə bəyənə biləcəyi avtomobilin olmadığını deyir. O, büdcəsinə uyğun saz avtomobili tapa bilmədiyini, bəyəndiyi avtomobillərin isə çox baha olduğunu qeyd edib.

Bir qədər irəlilədikdən sonra qarşıda insanların qırmızı rəngli "Prius"un başına toplaşdığını görürəm. Yaxınlaşdıqda məlum olur ki, bu avtomobil demək olar ki, taksi fəaliyyəti ilə bağlı bütün tələblərə cavab verir. Rənginin qırmızı, ilinin isə yeni olması bu maşınının satıcısında da qəribə bir özgüvən yaradıb. Ona görə də "Prius" 22 min manata təklif olunur.

"Maşında heç bir problem yoxdur, motoru yaxşı vəziyyətdədir. Təkərləri təzədir. Salonu isə çox səliqəlidir. Bakıda bu cür avtomobilə rast gəlmək mümkün deyil. Taksi üçün çox əlverişli maşındır", - qırmızı "Prius"un sahibi Əjdər İmanov deyib.

Digər satıcı Aqşin Adıyev isə bildirib ki, "Pirus"ların qiymətinin düşməsinin heç bir məntiqi əsası yoxdur. Onun sözlərinə görə, qiyməti salanlar 50-60 ədəd "Prius"u olan sahibkarlardır: "Onlar avtomobilləri taksi kimi istifadəyə verirlər. Yeni qərardan sonra həmin sahibkarlar maşınlarını ucuz qiymətə satışa çıxarmağa başladılar. Onların da endirdikləri qiymət hardasa bizə də təsir edib".

Daha bir "Prius" satıcısı Elçin Kərimovun sözlərinə görə, yeni qərar daha çox şirkət və taksidə istifadə olunan maşınların qiymətinə təsir göstərib: "Onların qiymətində müəyyən qədər enmələr var. Həmçinin avtomobilləri onlayn satışa çıxaran dələduzlarla da son vaxtlar daha çox üzləşirik. Elan saytında 7-8 minə "Prius"u satışa çıxarıb. Zəng vuranda isə deyir ki, 500 manat beh atın. Atırıq, pulumuzu alıb çıxıb gedir. Heç sonradan tapmaq da olmur. Yəni belə sui-istifadə hallara da rast gəlinir. Amma şəxsi istifadə üçün nəzərdə tutulan avtomobillərin ilindən asılı olmayaraq qiymətləri elə əvvəlki kimi də qalıb".

Həm alıcı, həm də satıcılarla həmsöhbətdən sonra məlum oldu ki, yeni qərar hazırda avtomobil bazarına hələ ki, heç bir təsir göstərməyib. Ümid edirik ki, qərarın təsirləri hər iki tərəf üçün müsbət olar. 

Sadiq Cavadov