Türkiyə hava məkanını Ermənistan təyyarələri üçün bağlayıb.

İqtisadiyyat.az  “NTV”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu açıqlayıb. 

Məlumata görə, buna səbəb aprelin 25-i Ermənistanın paytaxtı İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunan abidənin ucaldılması olub: “Bu, qəbuledilməzdir. Buna cavab olaraq hava məkanımızı Ermənistan təyyarələri üçün bağladıq. Ermənistan parlamentinin spikerinin Türkiyəyə səfəri istisna olacaq, buna icazə verdik. Ermənistan belə davam edərsə, yeni addımlar atacağıq”. 

Ermənistan mediası yazır ki, Türkiyə aprelin 29-u “Flyone Armenia” şirkətinə Türkiyənin hava məkanı üzərindən Avropaya uçuşlar üçün daha əvvəl verilən icazəni ləğv edib. 

Qeyd edək ki, Azərbaycan Demokratik Respublikası və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatı zamanı, Osmanlı dövlətinin rəsmi şəxsləri ilə yanaşı, 1920-1922-ci illərdə Azərbaycanın keçmiş baş naziri Fətəli xan Xoyski, Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev, Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir, Azərbaycanın keçmiş Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetiriliblər.