İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) rəhbərliyi Tatarıstan Respublikasının paytaxtında “Rusiya – İslam dünyası: KazanForum” XV Beynəlxalq İqtisadi Forumunda iştirak edib.

İqtisadiyyat.az xəbər verir ki, Forum çərçivəsində Agentlik "İslam Əməkdaşlıq Təşkilatı ölkələrində azad iqtisadi zona və sənaye parkları - beynəlxalq sənaye korporasiyası üçün yeni imkanlar" mövzusunda keçirilən panel sessiyada təmsil olunub. Sessiyada İZİA-nın İdarə Heyətinin sədri ölkəmizdə faəliyyət göstərən sənaye zonaları, burada investorlar üçün yaradılan biznes imkanları barədə təqdimatla çıxış edib.

Həmçinin iqtisadi forum çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Tatarıstanın Ximqrad Texnopolis arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.

Sazişə əsasən İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Tatarıstanın Ximqrad Texnopolis Azərbaycanda birgə şirkət yaradılacaq. Yaradılacaq şirkət Sumqayıt Kimya Sənaye Parkının ərazisində ayrılmış 10 hektarlıq xüsusi zonanın operatoru qismində Rusiyadan, Tatarıstandan, Özbəkistandan olan iş adamlarının Azərbaycana cəlb olunması və sözügedən sənaye zonasında istehsal müəssisələrinin yaradılmasında aktiv iştirak edəcək.

Bundan başqa səfər çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbərliyi Tatarıstanın Naberejnıye Çelnı şəhərindəki "Kip Master" ASC-nin, Kazan şəhərindəki Ximqrad Texnopolisin, Elabuqa şəhərində yerləşən “Alabuqa” İqtisadi Zonasının fəaliyyət istiqamətləri ilə tanış olub, Rusiya Sənaye Zonaları Assosiasiyasının rəhbərliyi ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.