Bir neçə gün əvvəl "Meta"ya məxsus "Facebook" və "İnstagram" sosial şəbəkələrində bir neçə saatlıq problem yaranıb. Həmin vaxt istifadəçilərin hesablarına giriş imkanları məhdudlaşdırılmışdı. Ekspertlərin fikrincə, sosial şəbəkələrin çökməsi reklam bazarına cüzi də olsa təsirsiz ötüşmür. 

İqtisadçı Natiq Cəfərli İqtisadiyyat.az-a açıqlamasında sosial şəbəkələrin çökməsinin ölkə iqtisadiyyatına təsirlərinə toxunub.

Onun sözlərinə görə, bu çökmə əsasən reklam bazarına təsir göstərir: "Azərbaycanda "Facebook" və "İnstagram"ın böyük bazarı var. Bu sosial şəbəkələrin çökməsi sıx şəkildə təkrarlanarsa, kiçik və orta biznes sahibkarlarına, o cümlədən digər biznes iştirakçılarına ziyan vura bilər". 

N.Cəfərli söyləyib ki, sosial şəbəkələrin çökməsinin sosial-psixoloji təsirləri də mövcuddur: "Çünki Azərbaycan əhalisi sosial şəbəkələrə çox öyrəşib. Bu baxımdan müvəqqəti çökmə insanlara təsirsiz ötüşmədi. Nəzərə almaq lazımdır ki, insanların psixoloji sarsıntı keçirməsi də iqtisadiyyata təsir edir. Çünki sarsıntı keçirən insanın əlavə dəyər yaratmaq qabiliyyəti aşağı düşür".

Xatırladaq ki, martın 5-də "Facebook" və "İnstagram" sosial platformalarının fəaliyyətində müəyyən problemlər yaranıb. Problemlər əsasən hesabların yenilənməməsi və hesablara girişin mümkünsüzlüyü ilə bağlı olub. İstifadəçilər bu sosial şəbəkələrə daxil ola bilməyib və daxil olmaq istəyərkən avtomatik olaraq hesablardan çıxılıb. Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti isə problemin qlobal xarakter daşıdığını açıqlayıb. 

Gülşən Şərif