Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

İqtisadiyyat.az-ın verdiyi məlumata görə, imzalanma Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radevin iştirakı ilə baş tutub.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Xristov, Rumıniyanın energetika naziri Vircil Daniyel Popesku, habelə Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzalayıblar.

Memorandum modernləşdirilmiş “Həmrəylik halqası” vasitəsilə Azərbaycandan Avropaya əlavə qaz həcmlərinin tədarükü üzrə əməkdaşlıq sahələrini müəyyən edir.

Bolqarıstanın təklif etdiyi və Avropa Komissiyası tərəfindən dəstəklənən “Həmrəylik halqası” təşəbbüsü Avropa İttifaqına (Aİ), Mərkəzi və Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyır.