Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun pandemiya statusunu ləğv etməsindən iki həftədən çox vaxt keçsə də, hələ də Azərbaycanda quru sərhədlərin açılıb açılmayacağına dair dəqiq bir xəbər yoxdur.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-ə kimi uzadılıb. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və İnnovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təxminən 10 gün əvvəl sözügedən mövzuya münasibət bildirərkən qeyd edib ki, quru sərhədlərin açılmasına yalnız iyulun 1-dən sonra baxılacaq.  

Sərhədlərin açılmamasının üzdə olan və pərdəarxası məqamlarını iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə etdik. İqtisadiyyat.az-ın suallarını cavablandıran N.Cəfərli bunları dilə gətirib: "Açığı mənim üçün də maraqlıdır. Ən çox səsləndirilən fikir təhlükəsizliklə bağlıdır. Rusiya-Ukrayna müharibəsi var, İranın Azərbaycana qarşı heç bir məntiqə sığmayan, aqressiv münasibəti var. Bu və digər səbəblərə görə də quru sərhədlərimiz bağlıdır. İlk baxışdan məntiqli gəlsə də digər tərəfdən insanı incidən faktorlardır. Əgər səbəblər budursa, bu, vətəndaş olaraq məni incidir. Niyə incidir? Gürcüstanın sərhədləri açıqdır. Rusiya ilə də sərhəddi var. Ermənistanın sərhədləri açıqdır. İranla da sərhədləri var. Hətta Ukraynanın sərhədləri açıqdır. Baxmayaraq ki, orada müharibə gedir. Azərbaycan hüquq-mühafizə institutları güclü olan dövlətdir. Ola bilməz ki, Gürcüstanın, Ermənistanın öz quru sərhədlərini açıq saxladığı kimi biz bunu edə bilməyək. Mən buna inanmaq istəmirəm sadəcə. Hətta vətəndaş olaraq ağırıma gəlir. Necə ola bilər ki, mənim dövlətim təhlükələrin qarşısını almağa ancaq quru sərhədlərini bağlamaq yolu ilə nail olsun. Digər tərəfdən, bu yaxınlarda hörmətli millət vəkilimiz Fazil bəyə qarşı bir terror aktının şahidi olduq. Yəni quru sərhədlərin bağlı olması terror kimi təhlükəsizliyə zidd hadisələrdən sığortalamır axı".

İqtisadçı-ekspert quru sərhədlərin bağlı qalmasının pandemiya ilə əlaqələndirilməsini absurd hesab edir: "Çox istərdim ki, bunu izah etsinlər. Çünki artıq formal bəhanə də qalmayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanı ləğv edib. Dünyanın heç bir ölkəsində artıq pandemiyanın izləri qalmayıb. Azərbaycan hökumətinin israrla bunu pandemiya ilə izah eləməsi artıq vətəndaşlar tərəfindən yaxşı qarşılanmır. Ona görə də ya hökumət bunu çıxıb normal izah etməlidir. Yəni elə dildə izah etməlidir ki, hamımız deyək ki, bizim bilmədiyimiz nəsə var imiş, düz edirlər. Ya da sərhədləri açmalıdır. Bunun üçüncü yolunu mən görmürəm".