Yanğın, quraqlıq və qlobal iqlim dəyişikliyi ilə bağlı problemlər 2023-cü ildə qlobal şərab istehsalına əhəmiyyətli dərəcədə təsir edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransada yerləşən Beynəlxalq Üzüm və Şərab Təşkilatı (OIV) tərəfindən dərc edilən 2023-cü il üzrə qlobal üzüm və şərab sənayesi hesabatında deyilir.

Məlumata görə, ötən il qlobal şərab istehsalı son 62 ilin ən aşağı səviyyəsinə enib .

2023-cü ildə qlobal şərab istehsalının 10% azalmasının əsas səbəbi kimi ekstremal ekoloji şərait göstərilir. Bildirilib ki, şimal və cənub yarımkürələrinin əsas şərab istehsalı bölgələrində quraqlıq, həddindən artıq istilər və yanğınlar, həmçinin daşqınlara və göbələk xəstəliklərinə səbəb olan güclü yağışlar şərab istehsalının qlobal səviyyəsinin azalmasına səbəb olub.

Qeyd edilib ki, üzüm məhsulu 1961-ci ildən bəri ən aşağı məhsul olub.  Hesabat dövründə Avstraliyada şərab istehsalının 26%, İtaliyada isə 23% azalması bu ölkələrdə ən pis nəticələrdir.

Hesabatda deyilir ki, dünyanın ən böyük şərab istehsalçısı olan Fransada keçən il 4% artım qeydə alınıb.

İqlim şəraiti ilə yanaşı, üzüm yetişdirmək və şərab hazırlamaq üçün getdikcə daha az torpaq sahəsi yaranır. Üzüm və şərab istehsalı üçün mövcud olan torpaqlar ardıcıl üçüncü il azalıb, dünya üzrə cəmi 17,7 milyon akr üzümçülük və şərabçılığa ayrılıb.

 

Gözəl Həşimova