Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində dekabrın 4-də Qax rayonunun Ləkit kəndində bal emalı müəssisəsi istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Qax Rayon İcra Hakimiyyətinin, USAİD-in nümayəndələri və kənd sakinləri iştirak ediblər.

İqtisadiyyat.az xəbər verir ki, tədbirdə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər, layihələr, o cümlədən SEDA layihəsi çərçivəsində istifadəyə verilən yem, bal emalı, meyvəqurutma və inkubator müəssisələri barədə məlumat verilib, belə layihələrin bölgələrdə mikro və kiçik sahibkarlığın inkişafına töhfə verdiyi vurğulanıb. Bildirilib ki, Ləkit kəndində bal emalı müəssisəsinin fəaliyyətə başlamasının satışa çıxarılacaq yerli balın qablaşdırılması və saxlanmasında, eləcə də arıçılığın inkişafında böyük əhəmiyyəti olacaq. Ümumilikdə, müəssisədən Ləkit kəndində yaşayan 450 ailə və ətraf kəndlərin sakinləri yararlanacaqlar.

Sonra tədbir iştirakçıları müəssisədə yaradılan şəraitlə tanış olublar. Emal müəssisəsində balın qablaşdırılması avadanlığı quraşdırılıb, bal saxlama çəni qoyulub.