Bu gün Avropa Liqasında pley-off mərhələsinə start verilib.

İqtisadiyyat.az xəbər verir ki, tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanmış Azərbaycan çempionu “Qarabağ” da Portuqaliyanın “Braqa” komandası ilə qarşılaşıb.

Bu komandalar arasındakı ilk oyun Braqa şəhərində baş tutub. 1/8 finala vəsiqə qazanmaq iddiasında olan “Qarabağ” səfərdən sərfəli nəticə ilə dönməyə çalışıb. Altı qolluq qarşılaşma məhz Azərbaycan çempionunun inamlı qələbəsiylə yekunlaşıb.

“Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

Avropa Liqası

Pley-offun ilk oyunu

15 fevral

“Braqa” – “Qarabağ” 2:4

Qollar: Simon Banza, 44. Joao Moutinyo, 90+1-pen. – Marko Yankoviç, 21-pen. Abdullah Zubir, 54; 69. Olavio Juninyo, 65.