"Qadağa bütün qohum evliliklərinə şamil edilməyəcək".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputat Müşfiq Cəfərov deyib.

O, qohum evliliyinin sosial problem olduğunu söyləyib: "Bundan başqa, xalqımızın adət-ənənəsində qohum evliliyinə üstünlük verilməsi var. Hətta ali təhsilli gənclərimiz ailələrinin istəyinə əsasən qohum evliliyi həyata keçirirlər. Uzun illər bu sahədə maarrifləndirici tədbirlər həyata keçirilsə də, bu, kifayət etmədi. Ona görə də qanunvericilikdə bu sahə üzrə əməli addımların atılmağının vaxtı çatıb".

M.Cəfərov hesab edir ki, qohumların nikahından dünyaya gələn uşaqların müxtəlif xəstəliklərlə mübarizə aparması fonunda bu cür evliliyin qanunvericiliklə tənzimlənməsinə ehtiyac var: 

"Sadəcə olaraq qohum nikahlarının qarşısını almaq çətin olacaq. Çünki bu zaman ailə quran tərəflər rəsmi nikaha daxil olmaqdan yayına bilərlər. Bu səbəbdən də mütəmadi olaraq gənclər və ailələr maarrifləndirilməlidir. Qohum evliliyi ilə bağlı müəyyən kateqoriyalar müəyyənləşdirilməlidir ki, həmin kateqoriyalara məxsus olan şəxslərə bu məhdudiyyətlər şamil edilə bilər".

Xatırladaq ki, Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsi ciddi şəkildə müzakirə olunur.

Gülşən Şərif