Ukrayna ilə sərhəddə etiraz aksiyası keçirən polşalı fermerlər aprelin 29-da yük maşınları üçün Qrebenne-Rava-Russkaya keçid məntəqələrinin blokunu açıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” Ukrayna və Polşanın sərhəd xidmətlərinə istinadən məlumat yayıb.

“Yük avtomobillərinin iki istiqamətdə qeydiyyatı və sərhəddən keçirilməsi adi qaydada həyata keçirilir. Beləliklə, Polşa ilə sərhəddəki bütün keçid məntəqələri blokdan çıxarılıb”, - məlumatda qeyd edilir.

Eyni zamanda, mövcud məlumatlara görə, taxıl daşıyan yük maşınlarına Polşaya daxil olarkən Rava Ruskadan keçməyə icazə verilməyəcək. Bu qəbildən olan yüklər isə Polşadan yalnız tranzit vasitəsilə daşına biləcək.

Qeyd edək ki, fevralın 20-də polşalı fermerlər etiraz aksiyasına başlayıblar. Onlar Ukrayna sərhədindəki əksər keçid məntəqələrini, həmçinin dəmiryol vağzallarına və dəniz limanlarına girişləri bağlayıblar. Etirazçıların əsas tələbləri Ukraynadan Polşaya kənd təsərrüfatı məhsullarının idxalını dayandırmaq və Avropa Birliynin ekoloji planlarından imtina etməkdir.

Polşalı fermerlərin blokadası Ukraynaya mal idxalının azalmasına səbəb olub.