Ötən il Azərbaycanda dövlət büdcəsinin 36624,8 milyon manat məbləğində təsdiq olunmuş xərcləri 99,5% və ya 36457,9 milyon manat məbləğində icra olunub.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd edilib.

Sənədə əsasən, bu, 2022-ci illə müqayisədə 4393,3 milyon manat və ya 13,7% çoxdur.

Hesabat ilində dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 29,6% təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz-bənd çoxdur.

Son 5 ildə, yəni 2019-cu illə müayisədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 12032 milyon manat və ya 49,3% artıb.

Strukturuna görə 2023-cü il dövlət büdcəsi xərclərinin 20268,1 milyon manatı və ya 55,6%-i cari xərclərə (2022-ci illə müqayisədə 2529,1 milyon manat və ya 14,3% çox), 15007,3 milyon manatı və ya 41,2%-i əsaslı xərclərə (2022-ci illə müqayisədə 2473,7 milyon manat və ya 19,7% çox), 1182,5 milyon manatı və ya 3,2 %-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2022-ci illə müqayisədə 609,5 milyon manat və ya 34,0 % az) yönəldilib.

2022-ci illə müqayisədə dövlət büdcəsinin xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 0,3 faiz-bənd və əsaslı xərclərin xüsusi çəkisi 2,1 faiz-bənd artıb, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 2,4 faiz-bənd azalıb.