Azərbaycanda ötən il doğulan və ölənlərin sayı açıqlanıb.

Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Belə ki, 2023-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 112 620 doğulan körpə qeydə alınıb və 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 11,1-ə düşüb. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (14,0), Mil-Muğan və Şərqi Zəngəzur (13,2), Lənkəran-Astara (13,1), Qarabağ (13,0), Şirvan-Salyan (12,5), Quba-Xaçmaz və Mərkəzi Aran (12,3), Qazax-Tovuz (12,0) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.

Ötən il ölkədə 60 150 ölüm halı qeydə alınıb və 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşüb. Ölənlərin 3156 nəfəri (5,2 faizi) 0-17 yaşda, 6342 nəfəri (10,6 faizi) 18-49 yaşda, 15655 nəfəri (26,0 faizi) 50-64 yaşda, 34997 nəfəri (58,2 faizi) isə 65 və yuxarı yaşda olub.