Havanın qeyri-sabit keçməsi, fəsil dəyişkənliyi insanların səhhətində də müəyyən problemlərə yol açıb. Belə ki, hazırda öskürmə, qızdırma, iştahsızlıq, halsızlıq və bu kimi digər əlamətlərdən şikayətlənənlərə rast gəlinir. Həmçinin dünyada koronavirus pandemiyası bitsə də, hələ də insanlarda bu virusun müəyyən ştammlarına yoluxma halları müşahidə olunur. Hazırda insanlar arasında yayılan xəstəlik hansı virusun əlamətləridir?

Tibbi ekspert Rasif Bağırov İqtisadiyyat.az-a açıqlamasında deyir ki, soyuqdəymə bədəndə müəyyən viruslar və yaxud da soyuq nəticəsində yaranmış yuxarı tənəffüs yollarının xəstəlikləri kimi qiymətləndirilir.

Onun sözlərinə görə, hazırda insanlar arasında adi qrip virusuna və yuxarı tənəffüs yollarının iltihabı proseslərinə çox rast gəlinir. Həkim həmçinin söyləyib ki, bununla yanaşı respublikada çox nadir olsa da, koronavirusun “Omicron” ştammı da müşahidə edilir:

“Adətən yaz aylarında insan bədənində vitaminlərə və digər maddələrə ehtiyac həddindən artıq yüksək olduğuna görə immun sistemi bir qədər zəifləyir. Bədənin immun sisteminin zəifləməsi müəyyən xəstəliklərə yoluxma hallarını sürətləndirir. Həmçinin sağlam insanlar da xəstələrlə kontaktda olmamalı, müəyyən vitaminlər qəbul etməlidirlər ki, bədənin həmin o vitaminlərə, minerallara tələbatını ödəsinlər. Çünki bu dövrdə həm havanın isti-soyuq keçməsi, həm də yuxarıda sadaladığım digər məsələlərlə bağlı belə xəstəliklər yarana bilir”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, koronavirus pandemiyası bitsə də, hələlik “Omicron” ştammının mutasiya variantları davam edir. Onun sözlərinə görə, epidemiya ocaqları ayrı-ayrı yerlərdə mövcuddur:

“Açıq etiraf edək ki, bəzi insanların vaksinasiyadan yayınması səbəbindən Azərbaycanda bu xəstəlik hələ də hökm sürməkdədir. Bununla yanaşı koronavirus  pandemiyası zamanı immun sistemində baş verən təlatümlərdən orqanizmin xeyli zəifləməsi müşahidə olunur. Bu da müxtəlif infeksiyalara – qrip, yuxarı tənəffüs yollarının digər infeksiyaları, məsələn, adenovirus, rinovirus və s. xəstəliklərə yoluxmalara gətirib çıxarır. Onlar da əsasən özünü soyuqdəymə əlamətləri kimi - öskürmə, burun tutulması, qızdırma, halsızlıq, bel, əzələ ağrıları və s. göstərir”.

A.Qeybulla bildirib ki, bəzən insanların hava dəyişikliyinə uyğun geyim formasını düzgün seçməmələri də onların xəstəliyə yoluxmalarını qaçılmaz edir: “Bir də biz qışdan, pandemiyadan çıxmışıq və avitaminoz da insanlarda hələ də müşahidə edilir. Epidomoloji vəziyyətin pisləşməsi həm də qızılca və digər xəstəliklərlə də özünü göstərdi. Düşünürəm ki, insanlar açıq havada gəzmək, sağlam qidalanmaq və fiziki aktivliyi artırmaqla müəyyən dərəcədə özlərini xəstəliklərdən qoruya bilərlər”.

Sadiq Cavadov