Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci illə müqayisədə ötən il baş verən yol qəzalarının sayı təxminən 1,9% azalıb. Lakin ölümlə nəticələnən yol qəzalarının sayı müvafiq dövrlə müqayisədə təxminən 3,4% artıb.

Nəqliyyat eksperti Aslan Əsədov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bu gün yollarda avtomobillərin idarə olunması müşkül məsələyə çevrilib.

Onun sözlərinə görə, acınacaqlı hal odur ki, bu proses gündən-günə daha da çətinləşir.

Ekspert deyir ki, yol qəzalarının qarşısını yalnız dövlət səviyyəsində atılan addımlarla almaq mümkün deyil, bu məsələdə vətəndaşlar da birlik nümayiş etdirməlidir:

"Xüsusən də nəqliyyat vasitəsini risk kateqoriyasında idarə edənlərin sayı artıb. Bu risk kateqoriyasına nəliyyat vasitəsini telefonla danışdığı halda idarə edənlər, özünü peşəkar hesab edən sürücülər, müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş nəqliyyat vasitəsinə uyğunlaşa bilməyənlər, yolda ara məsafəsinə əhəmiyyət verməyənlər və yol hərəkəti qaydalarına əməl etməyən bütün sürücülər daxildir. Həmin sürücülərin törətdiyi ağır yol qəzalarının qarşısını almaq çətinləşib. Unutmaq olmaz ki, yol qəzalarında ölənlərlə yanaşı, şikəst qalanların da sayı az deyil. Ölümlə nəticələnən yol qəzalarının qarşısının alınmasının yeganə yolu nəzarət mexanizminin gücləndirilməsi və sürücülərin məsuliyyətli olmasıdır". 

Nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev isə İqtisadiyyat.az-a açıqlamasında qeyd edib ki, qaydaların sərt və cərimələrin çox olduğu ölkələrdə yol qəzaları daha az baş verir.  

Onun sözlərinə görə, xarici və xüsusən də inkişaf etmiş ölkələrdə avtomobil sayı ilə nisbətdə yol-nəqliyyat hadisələrinin sayı heç az deyil. Sadəcə olaraq həmin ölkələrdə ölümlə nəticələnən və yaralananların olduğu yol qəzalarının sayı azdır. Bu isə təsadüfi deyil:

"Qəzalarda ölüm halları daha çox sürət həddinin yüksək olması nəticəsində baş verir. Əksər yollarda və küçələrdə radarların quraşdırılmasına baxmayaraq, bu nəzarət yetərli deyil. Çünki əksər sürücülər təhlükəsizlik kameraları olmayan yollarda avtomobili yüksək sürətlə idarə edirlər. Əsasən də rayonlararası işləyən taksi sürücüləri yol qəzalarının artmasına səbəb olurlar". 

Ekspertin fikrincə, ölkəmizdə ölümlə nəticələnən yol qəzalarının artması daha ciddi addımların atılmasının vacibliyini göstərir: "Bu baxımdan təhlükəsizlik kameralarının sayı artırılmalı, müxtəlif əlavə texniki vasitələr cəlb edilməli və eyni zamanda təhlükəsizlik kameralarının başqa funksiyalarından istifadəyə də imkan yaradılmalıdır. Belə ki, təhlükəsizlik kameraları ancaq sürət həddini çəkir. Lakin elə funksiya var ki, avtomobil bir kameranın altından keçərək digər kameraya çatandan sonra həmin vaxt aralığındakı orta sürətini müəyyən etmək mümkündür". 

Gülşən Şərif