“AzRe Təkrarsığorta” 2023-cü ili 19,4 milyon manat xalis mənfəətlə bitirib ki, bu isə 2022-ci ilə nisbətən 14.4% və ya 3,27 milyon manat azdır.

İqtisadiyyat.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir. Sığorta şirkəti 2022-ci ili 22,66 milyon manat xalis mənfəətlə bağlamışdı.

Hesabat dövründə, “AzRe Təkrarsığorta”nın əsas əməliyyat gəlirləri 3.2 dəfə artaraq 115,25 milyon manata bərabər olub. 2022-ci ildə bu rəqəm 35,44 milyon manat təşkil edib.

Sığorta şirkətinin investisiya gəlirləri 11,5 milyon manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 22.8% və ya 3,39 milyon manat azdır. Bu dövrdə, “AzRe Təkrarsığorta”nın subroqasiya gəlirləri 5.3 dəfə artaraq 806.3 min manat, sair gəlirləri isə 2.1 dəfə artaraq 635.9 min manat olub. Nəticədə, şirkətin cəmi gəlirləri 122,4 milyon manata bərabər olub ki, bu da 2022-ci ilə nisbətən 2.5 dəfə çoxdur.

Ötən il sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 5.7 dəfə artaraq 89,46 milyon manata, sığorta ödənişləri 8.7 dəfə artaraq 77,4 milyon manata, işlərin aparılması xərcləri isə 45.5% artaraq 9,31 milyon manata yüksəlib. Ümumilikdə isə sığorta şirkətinin cəmi xərcləri bir əvvələ nisbətən 4.4 dəfə artaraq 99,4 milyon manat təşkil edib.

2023-cü ildə “AzRe Təkrarsığorta”nın maliyyə mənfəəti 10.8% azalaraq 23 milyon manata enib.

Sığorta şirkəti ötən il 1,2% kiçilib. Belə ki, 2024-cü ilin yanvarın 1-nə “AzRe Təkrarsığorta”nın cəmi aktivləri 136.9 milyon manatdan 135.4 milyon manata kimi azalıb. Şirkətin cəmi öhdəlikləri 25.7% azalaraq 44,24 milyon manata enib, cəmi kapitalı isə 17.7% artaraq 88,72 milyon manata yüksəlib.