Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü, Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru Əziz Sancarın Naxçıvan Muxtar Respublikasına səfəri təşkil ediləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AMEA prezidenti, akademik İsa Həbibbəyli bildirib.

Görkəmli alimin akademiyaya və Naxçıvan Muxtar Respublikasına səfərinin təşkili və səfər çərçivəsində tədbirlərin keçirilməsi müzakirə olunub.

İ.Həbibbəyli ötən ilin noyabrın 29-da Əziz Sancarın AMEA-nın fəxri üzvü seçildiyini xatırladıb.

Qeyd edilib ki, Ə.Sancarın səfəri AMEA-nın Fəxri üzvü diplomunun və vəsiqəsinin təqdim olunması və onun Azərbaycanın elmi ictimaiyyəti ilə geniş müzakirələrini təşkil etmək məqsədi daşıyır.

İ.Həbibbəyli bildirib ki, səfər çərçivəsində AMEA Rəyasət Heyətinin genişləndirilmiş iclasında Əziz Sancarın “Türk dünyası elm siyasəti: reallıqlar və çağırışlar” mövzusunda məruzəsi dinləniləcək və bu, Akademiya tarixində Nobel mükafatı laureatı ilə keçirilmiş nadir görüşlərdən biri olacaq. Həmçinin vurğulayıb ki, Əziz Sancarın ölkəmizə səfər edəcəyi ilə bağlı məlumat ictimaiyyət tərəfindən yüksək rəğbətlə qarşılanıb və bir çox ictimai-siyasi xadim alimlə keçiriləcək görüşdə iştirak barədə niyyətlərini bildiriblər.

Xatırladaq ki, akademik İsa Həbibbəyli tərəfindən Əziz Sancara Azərbaycan Milli Elmlər Akademiyasına səfərlə bağlı müraciət ünvanlanıb və müraciət Nobel mükafatı laureatı tərəfindən məmnuniyyətlə qəbul edilib. Əziz Sancar mayın 30-dan iyunun 6-dək Azərbaycanda səfərdə olacaq.