Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə "Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirliyə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Hökmə əsasən, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bəs, məntəqə tipli cəzaçəkmə müəssisə nədir və bloger cəzasını necə çəkəcək?

İqtisadiyyat.az məntəqə tipli cəzaçəkmə müəssisəsi ilə bağlı bəzi məlumatları təqdim edir:

Məntəqə tipli cəzaçəkmə müəssisələrində yataqxana, müəssisə əməkdaşlarının xidməti otaqları, yeməkxana, dükan, tibb-sanitariya hissəsi, yardımçı otaqlar, kitabxana, tərbiyəvi və kütləvi tədbirlərin keçirilməsi üçün otaq, cəmaşirxana və dezinfeksiya kamerası olan hamam, məhkumların şəxsi əşyalarının saxlanılması üçün anbar, cərimə təcridxanası, qonaq otağı olur. Məntəqə tipli cəzaçəkmə müəssisələrində kamera tipli otaqlar təşkil olunmur.

Məntəqə tipli cəzaçəkmə müəssisələrinin cərimə təcridxanasında hər biri 4-6 nəfərlik 1-3 ümumi kamera, iki nəfərlik 1-3 kamera və cərimə təcridxanası üzrə  nəzarətçi üçün otaq təşkil olunur. Cərimə təcridxanası digər tikililərdən bütöv hasarla ayrılır.

Əhali yaşayan ərazidə yerləşən məntəqə tipli cəzaçəkmə müəssisələrinin binaları nəzarət-buraxılış məntəqəsi olan hasarla əhatə olunur.

Məntəqə tipli cəzaçəkmə müəssisələrinin sərhədləri müəssisənin yerləşdiyi yer və məhkumlar tərəfindən görülən işlərin xüsusiyyəti nəzərə alınmaqla Azərbaycanın Ədliyyə Nazirinin (Naxçıvan ərazisində - Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirinin) əmri ilə müəyyən edilir. Lakin bütün hallarda bu sərhəd müəssisənin yerləşdiyi yerin mərkəzindən radius üzrə 10 km artıq olmayan məsafədən keçməlidir. Müəyyən edilmiş sərhədlər barədə məhkumlara imza etdirməklə elan edilir və onların şəxsi işinə tikilir.

Məntəqə tipli cəzaçəkmə müəssisəsində məhkumlar hər gün, ailəsi ilə müəssisədən kənarda yaşayan məhkumlar isə müəssisə müdiriyyətinin qərarı ilə hər ay bir dəfədən dörd dəfəyə qədər gündəlik qayda ilə müəyyən  olunmuş vaxtda qeydiyyatdan keçmək üçün müəssisə rəisinin növbətçi köməkçisinin, yaxud dəstə rəisinin yanına gəlməyə borcludurlar.

Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar yataqxanalarda  yerləşdirilir və cəzaların icrası qanunvericiliyi ilə müəyyən edilmiş normalar üzrə yaşayış sahəsi ilə təmin olunurlar. Hər məhkuma üzərində soyadı, adı, atasının adı yazılmış lövhəcik bərkidilən fərdi yataq yeri ayrılır.

Məhkumların məntəqə tipli cəzaçəkmə müəssisələrinə göndərilməsi Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılan hər bir məhkuma müdiriyyət tərəfindən müəyyən olunmuş nümunədə vəsiqə verilir.

Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar nəzarət altında həm bu müəssisələrin istehsalat obyektlərində, həm də digər nazirlik və təşkilatların istehsalat obyektlərində əməyə cəlb olunurlar.

Ayrı-ayrı hallarda məntəqə tipli cəzaçəkmə müəssisəsi  rəisinin icazəsi ilə hər gün cəzaçəkmə yerinə qayıtmaq şərti ilə məhkumlar müəssisədən  kənarda da əməyə cəlb oluna bilərlər.

Gördükləri işlərin xüsusiyyətinə uyğun olaraq və ya təlimlə əlaqədar zərurət olarsa, məntəqə tipli cəzaçəkmə müəssisəsi rəisinin və ya onu əvəz edən şəxsin icazəsi ilə məhkumlar müəssisənin yerləşdiyi ərazidən kənarda, lakin Azərbaycan ərazisi hüdudlarında nəzarətsiz hərəkət  edə bilərlər.    

Məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla, cəzaçəkmə müəssisələrində haqqı məhkumlar tərəfindən ödənilən konsertlərin təşkil edilməsinə yol verilmir.

Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar geyimi və yeməyi nağd pulla alır, kommunal-məişət xidmətlərini isə ümumi əsaslarla ödəyirlər.

Xəstəliklə əlaqədar, habelə özlərindən asılı olmayan səbəblərdən əmək haqqı və ya pensiya almayan məhkumlar yeməklə, paltarla və kommunal-məişət xidmətlərlə məhkumların saxlanılması üçün müəyyən edilmiş normalar üzrə cəzaçəkmə müəssisəsinin smetası hesabına təmin edilirlər.          

Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən işləyən məhkumlara təhsil məzuniyyətlərinin verilməsi və bu məzuniyyətlərə görə orta əmək haqqının ödənilməsi işəgötürən tərəfindən əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkum qadınların uşaqları üç yaşınadək cəzaçəkmə müəssisələrinin nəzdindəki uşaq evlərində saxlanılan uşaqlar üçün müəyyən edilmiş normalar üzrə yemək və paltarla təmin olunurlar. Məhkum qadının arzusu ilə uşaq üçün yeməyin və paltarın əvəzinə pul verilə bilər.

Vəkillər Kollegiyasının üzvü Xəyal Bəşirov İqtisadiyyat.az-a bildirib ki, Azərbaycanın cinayət qanunvericiliyinə görə, 5 ilə qədər ehtiyatsızlıqdan cinayət törətmə, nəqliyyat vasitəsilə törədilmiş cinayətlər ehtiyatsızlıqdan törədilmiş cinayətlər kateqoriyasına aiddir.

O deyib ki, 5 ilə qədər cəza təyin olunanda onlar məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzalarını çəkirlər: "Məntəqə tipli cəzaçəkmə müəssisələri Azərbaycanın müxtəlif regionlarında - Bakı şəhərində və digər rayonlarda fəaliyyət göstərir. Həmin cəzaçəkmə müəssisələri xüsusilə də nəqliyyat hadisələri zamanı qanuna, hüquqazidd əməllər törətmiş şəxslərə münasibətdə fəaliyyət göstərir. Daha doğrusu, məntəqə tipli cəzaçəkmə müəssisələri də cəzaların icrası haqqında məcəlləyə görə cəzaçəkmə müəssisələrinin növlərindən biridir. Digər çoxlu sayda insanları sizə göstərə bilərəm ki, onlar da nəqliyyat hadisələri törədiblər. Onlara münasibətdə bu tədbirlər görülüb. Yəni burada qeyri-adi heç nə yoxdur. Sadəcə adı məntəqə tipli gedir. Məsələn, ümumi və xüsusi rejimli, eləcə də məntəqə tipli cəzaçəkmə müəssisələri mövcuddur. Yəni bu da cəzaçəkmə müəssisələrinin növlərindən biridir. Bu, hansısa konkret şəxsə münasibətdə tətbiq edilən hal deyil. 5 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslərə münasibətdə tətbiq edilən cəzaların icrası üçün cəzaçəkmə müəssisəsidir". 

"Məntəqə tipli cəzaçəkmə müəssisəsi dedikdə insanlar elə düşünürlər ki, məntəqə tipli cəzaçəkmə müəssisələri o deməkdir ki, o insanlar çıxıb birmənalı evdə olmalıdır. Elə bir hal yoxdur. Elə bil hal olsa belə bu, qanunsuz haldır. Yəni hər bir halda məhkəmənin rolu ora qədərdir ki, o cəzanı, o hökmü təyin etsin. Bundan sonra həmin hökmə həm prokurorluq - ittiham tərəfi protest verə bilər, həm də zərərçəkmiş tərəf də şikayət verə bilər. Bu hallarda o apellyasiya məhkəməsində həmin o hökm ləğv olunacaqsa, 5 ildən bir gün artıq olsa belə o şəxsə cəza təyin ediləcəksə, o halda o məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkə bilməz. Artıq o ümumi rejimli cəzaçəkmə müəssisəndə cəzasını çəkməlidir", - vəkil əlavə edib.

Sadiq Cavadov