Keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov moderator.az-a açıqlamasında son günlər dünya bazarında neftin qiymətində yaşanan təlatümlər fonunda SOCAR-ın sanksiyalarla üzləşən Rusiyanın neft sektoruna investisiya yatırmaq niyyətini şərh edib:

"Bu gün Azərbaycan xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi istiqamətində olduqca ciddi səylər göstərir. Ölkə Prezidenti bu məqsədlə xarici səfərləri zamanı müxtəlif səviyyədən olan iş adamları ilə görüşüb onları Azərbaycan iqtisadiyyatına sərmayələr qoymağa dəvət edir. Dövlət başçısının xarici investisiyaların Azərbaycana gəlməsi üçün gördüyü bütün işlər tədqirə layiqdir. Milli valyutamız 2015-ci ildə iki dəfədən çox dəyər itirdikdən sonra, ölkəmizin iqtisadiyyatına yatırılan xarici sərmayələrin həcmi bir xeyli azalıb. Biz bu gün bu boşluğu doldurmağa borcluyuq. Çünki dünya ölkələrinin keçdiyi bəlli yol var. Əgər bir ölkə öz iqtisadiyyatının sürətli inkişafını təmin etmək istəyirsə, o, mütləq iqtisadiyyata daxili və xarici investisiyaların həcmini artırmağa çalışmalıdır. Dövlətin bu məsələdə bəlli kursu fonunda SOCAR-in xarici sərmayələrlə bağlı sərgilədiyi strategiyada ciddi yanlışlıqların olması bu məsələləri dəyərləndirməyi bacaran hər bir Azərbaycan vətəndaşını rahatsız edir. Bu gün nefti Azərbaycanda emal etməyə və bu məqsədlə çoxsaylı müəssisələr qurmağa kəskin ehtiyacımız olduğu halda, SOCAR-n xarici olkələrə milyardlarla dollar yatırımlar edərək bu işi Azərbaycanda kənarda görməsi nə qədər uyğun bir addımdır?  Azərbaycan bu gün həm iqtisadi və həm də maliyyə sabitliyi şəraitində olsa da bir an belə unutmaq haqqımız yoxdur ki, bu sabitlik neftin qiymətləri üzərində dayanıb. Əgər bu qiymətlər kəskin aşağı düşərsə (son günlər elə bu da baş verir) onda bu sabitlik ciddi çətinliklərlə üz-üzə qalacaq. 

Bu yaxınlarda Sumqayıtda istifadəyə verilmiş bir karbamid zavodu bizə qeyri-neft sektorundan ümumi ixracımızın 10%-i səviyyəsində xarici valyuta gətirə bilmək imkanı yaradırsa, biz nə üçün elə SOCAR sərmayələri hesabına bu tip müəssisələrin sayını artırmayaq? Belə müəssisələrin ölkə dxilində qurulması aşağıdakı məsələlərin bilavasitə həlli demək olacaq:

- yeni iş yerləri açılacaq;

- daxili bazarın bu məhsullara olan tələbatı ödəniləcək;

- yerli istehsal idxalı əvəzləyəcək, deməli ölkədən xaricə valyuta axını azalacaq;

- bu məhsulların xarici bazarlara ixracı hesabına ölkəyə möhkəm valyuta daxil olacaq ki, bu da iqtisadiyyatımızın neftdən asılılığını azaltmağa xidmət edəcək;

- dövlət büdcəsi yeni gəlir mənbələri əldə edəcək;

- və bütövlükdə iqtisadiyyatımızın qetri-neft sektorunun sürətli inkişafı təmin ediləcək ki bu hesaba onun neftdən asılılığı azalacaq.

Bütün bunları nəzərə alıb Dövlət Neft Şirkətinin Rusiyanın Tümen vilayətində yerləşən müflüs olmuş Antipinsk Neft Emalı Zavoduna investor kimi qoşulmasını məğbul addım saymıram və hesab edirəm ki, SOCAR rəhbərliyi belə məsələlər barəsində qərarları dövlətimizin maraqları prizmasından çıxış edərək verməyə borcludur. Qeyri-rəsmi mənbələrdən əldə etdiyim məlumatlara görə bu gün  SOCAR-n xarici borcu 15 milyard ABŞ dolları ətrafındadı. Bu az qala Azərbaycan dövlətinin xarici borcundan iki dəfə artıq bir borcdur. Bu gün SOCAR çoxsaylı layihələrdə iştirak etməsi səbəbindən ciddi maliyyə çətinlikləri ilə üzləşir. Belə bir şəraitdə müflis olmuş bir xarici müəssisəyə milyardlarla dollar yatırım etmək nə qədər doğrudur?"