Avropa İttifaqının (Aİ) genişlənməsi birliyin gələcəyi üçün həyati əhəmiyyət kəsb edir, çünki genişlənmə olmasa, yeni "dəmir pərdə" riski yaranacaq.

İqtisadiyyat.az-ın "Euronews"a istinadən məlumatına görə, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel Aİ-nin genişlənməsinin 20-ci ildönümü münasibətilə jurnalistlərə müsahibəsində bildirib.

"Kasıb və zəif iqtisadiyyata malik qeyri-sabit qonşulara sahib olmaq son dərəcə təhlükəli olardı", deyə Mişel qeyd edib. O əlavə edib ki, irəliləyiş əldə etmək və prosesi sürətləndirmək həm namizəd ölkələrin, həm də Aİ-nin marağındadır.

Mişelin fikrincə, 20 il əvvəl genişlənmə baş verməsəydi, Aİ və bloka daxil olmayan ölkələr bir-birindən faktiki olaraq dəmir pərdə ilə ayrılacaqdı. Şərq ölkələri isə Kremlin siyasi hədəfinə çevriləcəkdi.

Şərqi Avropa və Qərbi Balkanların doqquz ölkəsi hazırda Avropa İttifaqına tamhüquqlu üzv olmağı gözləyir. Alyansa qoşulma prosesi, məlum olduğu kimi, uzun və mürəkkəb prosesdir. Namizəd ölkələr məhkəmə və konstitusiya islahatlarının həyata keçirilməsi ilə yanaşı, Aİ-nin digər ciddi tələblərini yerinə yetirməlidirlər.