Bu gün Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub.

APA-nın Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlunun sağ ayağı topuqdan amputasiya olunub.

Qeyd edək ki, Xəzər Babaşov Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun həyati təhlükəsinin olmadığı bildirilir.

*** 11:39

Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində piyada əleyhinə minanın partlayışı nəticəsində xəsarət alan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) ilə müqavilə əsasında çalışan podratçı şirkətin nümayəndəsidir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

*** 10:50

Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina partlayışı hadisəsinin təfərrüatı bəlli olub.

Məsələ ilə bağlı açıqlama verən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“O, bölgədə fəaliyyət göstərirdi. Daimi olaraq gedib-gəlirdi. Hazırda vəziyyəti yaxşıdır. Piyada əleyhinə mina olub. Pəncəsi minaya düşüb. Bərdə xəstəxanasındadır”.

*** 09:46

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 26 aprel tarixində Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

Bu barədə ANAMA məlumat yayıb.

Piyada əleyhinə minanın partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb.

Xəsarət alan şəxs Bərdə rayon xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.