“Ümummilli Heydər Əliyev bütün xalqlara və dövlətlərlə ehtiramla yanaşırdı. O, hər zaman Azərbaycanın dostlarının sayının çox olmasına çalışırdı. Çünki bilirdi ki, hər bir dövlət tərəfdaşları və dostları ilə güclüdür”.

İqtisadiyyat.az xəbər verir ki, bu fikirləri spiker Sahibə Qafarova mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən xüsusi iclasda deyib.

O bildirib ki, Heydər Əliyev Azərbaycan naminə yorulmaz fəaliyyəti ilə hələ sağlığında xalqımızın dərin hörməti və məhəbbətini qazanaraq xalqın qəlbində özünə möhtəşəm abidə ucaltmışdı:

“Onun ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaq. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də var olacaq”.

Sədrin çıxışı qonaqlar tərəfindən alqışlarla qarşılanıb. 

Bununla da Azərbaycan Milli Məclisində Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan xüsusi iclas başa çatıb.

Qeyd edək ki, xüsusi iclasda müxtəlif ölkələrin parlament sədrləri, sədr müavinləri, habelə beynəlxalq təşkilatların təmsilçiləri çıxış edib.