Azərbaycanda böyük otellər və restoranlar şəbəkəsinə malik “Resant Group” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, şirkətə qarşı keçmiş işçisi Fərəcli Heydər Şəhriyar oğlu məhkəmədə iddia qaldırıb.

O, məhkəməyə müraciətində işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də işə bərpa olunması və işdən çıxarıldığı müddət ərzində əmək haqqının ödənilməsi tələbini irəli sürüb.

Onun iddiası Nərimanov Rayon Məhkəməsində hakim Ramin Quliyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, “Resant Group”a “Ramada”, “İntercontinental”, “Sheki Palace”, “Mambo Beach”, “İstanbul Meyhane”, “Baku Voice Rooms”, “Harrison” və s. kimi bir çox hotel, restoran, çimərlik, gözəllik və spa mərkəzləri daxildir.

“Resant Group” 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Rüstəmov Emin Pənah oğludur.