Ötən il ehtiyata və ya istefaya buraxılmış hərbçilərə mənzil kirayəsi ilə bağlı olan xərclər açıqlanıb.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu istiqamətə xərclənən vəsait 11 485 500 manat olub.

“Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına uyğun olaraq aparılan tədbirlər çərçivəsində hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35,0 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına (Bakı şəhəri Ramana qəsəbəsi, Kürdəxanı ərazisi, Abşeron ərazisi) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan 445 ədəd, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına ötürülmüş 28 ədəd, cəmi 473 ədəd tam təmirli mənzil alınıb və hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.