Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin həbsdə olan sabiq rəisi Mövlam Şıxəliyev məhkəməyə müraciət edib.

İqtisadiyyat.az xəbər verir ki, o, Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb.

İşin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - maddi ziyanın ödənilməsi ilə bağlıdır.

İddia hakim Ramin Quliyevin sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, M.Şixəliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışıb. 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə MTN-də saxlamaqda və başqa əməllər törətməkdə ittiham olunublar. İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə almaqda təqsirli bilinib. 

Bakı Hərbi Məhkəməsinin qərarı ilə M.Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

2023-cü ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilib.