ABŞ dövlət katibi Antoni Blinken ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib. 

Miller yazılı açıqlamasında bildirib ki, Blinken Yaxın Şərqdə münaqişənin daha da genişlənməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb. 

ABŞ-nin xarici siyasət rəsmisinin sözlərinə görə, tərəflər Ər-Riyadda girovların azad edilməsinə və Qəzzada fələstinlilərin əzablarını yüngülləşdirəcək təcili atəşkəsin təmin edilməsinə yönəlmiş səyləri müzakirə ediblər. 

Eyni zamanda, Blinken Qəzza zolağında hərbi əməliyyatların davam etməsinin səbəbinin HƏMAS-ın İsraillə razılaşmanı qəbul etməkdən imtina etməsi olduğunu ifadə edib. Dövlət katibi HƏMAS-ı dərhal danışıqlar masasında atəşkəs təklifini qəbul etməyə inandırmaq üçün bütün səylərdən istifadə etməyə çağırıb. 

Bundan əlavə, o qeyd edib ki, Fidan və Blinken bölgədə davamlı sülhün təmin edilməsi, o cümlədən İsrail üçün təhlükəsizlik zəmanəti olan tam hüquqlu Fələstin dövlətinin yaradılması yolu ilə davam edən səyləri nəzərdən keçiriblər.