“Ötən gün “Azərkosmos”un rəhbəri Saməddin Əsədov bildirib ki, Azərbaycan üç peykin (Azerspace1, Azerspace2 və Azersky1) hazırlanması üçün 700 milyon manat investisiya yatırılıb. Hansı ki, bu xərclərin də 85%-i xarici banklardan götürülən kredit hesabına olub. Biz isə bu haqda dəfələrlə yazarkən və çıxışlar edərkən bu investisiyanın 1 milyard manat olduğunu, yəni göydə bir milyardımızın olduğunu vurğulayırdıq.

 

 

 

Bu rəqəmlər arasında nə üçün belə kəskin fərqlər var?

Məsələ ondadır ki, Azərkosmos rəhbərliyi yatırılan investisiyanın məbləğini o zamankı kursla hesablayaraq açıqlayır.

O zaman peyklərə çəkilən xərclər təxminən aşağıdakı kimi olub :

“Azerspace-1” - 233 milyon $

Azerspace-2 - 191 milyon $  

“Azersky1” -157 milyon avro”

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, o zamankı kursla hesablasaq, bu məbləğ təxminən 700 milyon, indiki kursla isə təxminən bir milyard manat edəcək:

 

 

“Yəni, "göydə bir milyardımız var" dedikdə biz bunu indiki məzənnə ilə nəzərdə tuturuq. Saməddin Əsədov ötən gün açıqlamasında həm də, nəhayət ki, yeni “Azersky 2” müşahidə peykimizin İsrail tərəfindən hazırlanmasını da gizlətməyib. Hansı ki, cəmi bir neçə gün öncə Azərkosmos rəsmi açıqlamasında bu tip məlumatları "dəqiqləşdirilməmiş məlumatlar" olduğunu hesab etmişdi. Yeri gəlmişkən, Azərkosmos-un, RİNN-in İsrail və Türkiyənin kosmik qurumları ilə əməkdaşlıq səyləri də təqdirəlayiqdir”.