Fransanın xarici işlər naziri Stephane Sejourne bazar günü Livana səfər edəcək. O, səfər zamanı İsrail və Hizbullah arasında gərginliyin və mümkün müharibənin qarşısını almaq üçün təkliflər verməyi planlaşdırır. Paris iki tərəfin gərginliyi azaltmaq üçün razılaşa biləcəyi yol xəritəsini yekunlaşdırmağa çalışır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

"Məqsəd regional münaqişənin qarşısını almaq və İsraillə Livan sərhədində vəziyyətin daha da pisləşməsinin qarşısını almaqdır", - Xarici İşlər Nazirliyinin sözçünün müavini Kristof Lemuan mətbuat konfransı zamanı deyib.

Fransanın Livanla tarixi əlaqələri var və Stephane Sejourne elit Hizbullah bölməsinin İsrail sərhədindən 10 km geri çəkilməsini və İsrailin Livanın cənubuna hücumları dayandırmasını tələb edən bir təşəbbüs irəli sürüb.

Livanın baş naziri Nəcib Mikati və Livan ordusunun rəisi Cozef Aun bu ayın əvvəlində Fransa prezidenti Emmanuel Makronla görüşüb, Fransanın təklifini müzakirə edib.