Ermənistan Xarici İşlər Nazirliyi Almaniyanın paytaxtı Berlində xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun görüşündən sonra Azərbaycanla sülh danışıqlarının davam etdirilməsinə qərar verildiyini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilir.

Qeyd edilir ki, dünən və bu gün Berlində keçirilən görüşdə Mirzoyan və Bayramov və onları müşayiət edən nümayəndə heyətləri iki ölkə arasında imzalanacaq sülh sazişi layihəsinin mətni üzərində çalışıblar.

Bəyanatda deyilir: "Nazirlər və nümayəndə heyətləri Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına və iki dövlət arasında münasibətlərə dair ikitərəfli saziş layihəsinin müddəalarına dair fikirləri müzakirə ediblər. Açıq məsələlər üzrə danışıqların davam etdirilməsi ilə bağlı qarşılıqlı razılığın əldə olunduğu bildirilib".

Əlavə edilib ki, görüş çərçivəsində nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə də ikitərəfli və üçtərəfli görüşlər keçiriblər.

Almaniyada keçirilən 60-cı Münxen Təhlükəsizlik Konfransında görüşən Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi tapşırıqlara uyğun olaraq, Bayramov və Mirzoyan arasında fevralın 28-29-da görüş barədə razılıq əldə olunub.