Martın 28-də İrəvanda Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Mnatsakan Səfəryanın və Koreya Respublikasının xarici işlər nazirinin müavini Chon Byung-wonun rəhbərliyi ilə Ermənistan Respublikası və Koreya Respublikası Xarici İşlər Nazirlikləri arasında 5-ci siyasi məsləhətləşmələr keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Tərəflər ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edərək, mövcud siyasi dialoqu və iqtisadi əlaqələri inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

Görüş zamanı ikitərəfli gündəliyə aid bir çox məsələlər, o cümlədən nüvə enerjisi sahəsində mümkün əməkdaşlıq, hüquqi müqavilə sahəsinin genişləndirilməsi, təhsil və mədəniyyət sahəsində mübadilələr müzakirə edilib.

Turizm, informasiya texnologiyaları, rəqəmsallaşdırma, süni intellekt və innovasiyalar sahələrində əməkdaşlığın perspektivləri, dövlət idarəçiliyi sahələrində təcrübə mübadiləsi, o cümlədən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) vasitəsilə Ermənistanda həyata keçirilən proqramlar barədə də danışılıb.

Səfər çərçivəsində nümayəndə heyəti Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən də qəbul edilib, onunla Ermənistan-Koreya münasibətlərinin ikitərəfli və çoxtərəfli gündəliyinə dair bir sıra məsələlər və regional hadisələr müzakirə olunub.