"Biz xalq olaraq siyasi qarşıdurmalardan, didişmələrdən çox əziyyət çəkmişik. Kamal Kılıcdaroğlu bu gün Türkiyənin Konstutusiyasını fırladıb atanlarla yol gedir. Biz isə bunun əksinə konstitusiyamızı oxuyub ona görə davranırıq".

İqtisadiyyat.az xəbər verir ki, bunu “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan mayın 26-da rəhbərlik etdiyi siyasi təşkilatın İstanbulun Esenlərdə təşkil etdiyi mitinqdə çıxışı zamanı deyib.

O qeyd edib ki, mayın 14-də Türkiyə tarixinin ən böyük seçkisini həyata keçiriblər: "Kimə səs verməsindən asılı olmayaraq seçkiyə gedən hər kəsə təşəkkür edirəm. Esenlər 62 faizlə prezident seçkilərində mənə səs verərək İstanbulun Avropa qitəsində mənə ən çox dəstək verən rayon oldu".

R.T.Ərdoğan söyləyib ki, "Cümhur İttifaqı" parlamentdə 323 deputat qazanaraq qalib gəlib: "Mən Kamal Kılıçdaroğluna sual vermək istəyirəm. Sən bu parlamentlə necə işləyə bilərsən?

Bundan sonra sadəcə bir addım qalır. Türk xalqı ikinci turda ikibaşlılıq yaranmasına icazə verməyəcək. Hesab edirəm ki, millətimiz 28 mayda da Rəcəb Tayyib Ərdoğana səs verəcək".

Prezidentliyə namizəd hər zaman olduğu kimi yenə də Esenlərdə yaşayan seçicilərə güvəndiyini bildirib.

O deyib ki, hazırda Esenlər meydanında 140 min insan toplanıb: “Hər zaman olduğu kimi indi də Esenlərə güvənirəm. Bu o deməkdir ki, Esenlər bazar günü seçki məntəqələrində öz sözünü deyəcək.

Vəfanız üçün hər birinizə təşəkkür edirəm. Hər zaman eşqlə, hörmətlə yanımızda dayanmısınız. Bu gün bu meydanda könüldən-könülə gedən gizli yol var”.