Bu ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın elektrikli avtomobil idxalı 78% artıb. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Azərbaycana ümumilikdə 43,4 milyon dollar dəyərində 1012 ədəd elektrikli avtomobil idxal olunub. Həmçinin bu dövrdə elektrikli avtomobil idxalına çəkilən xərc ötən ilin 4 ayına nisbətən 19,6 milyon dollar və ya 82,7% artıb.

Elektromobillərə tələbatın artması digər yanacaq növü ilə işləyən nəqliyyat vasitələrinin qiymətinə hər hansı bir təsir göstərə bilərmi?

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Azərbaycanda elektromobillərə marağın artması onların iqtisadi səmərəlilik baxımından üstünlük cəhətlərinin çox olması ilə bağlıdır.

Onun sözlərinə görə, benzin və dizellə işləyən avtomobillərlə müqayisədə elektromobillərdə ən çox məmnunluq yaradan yanacağa qənaətdir:

“Elektromobillərin ehtiyyat hissələri və usta məsələsinə gəlincə isə bu səmərəliliyi qeyd etmək çətindir. Məsələn, ölkəmizə elektromobillər ən aşağısı 20 min manatdan başlayaraq gətirilir. Lakin ehtiyyat hissələri baxımından müştəriyə sərf etmir. Yəni 40-45 minə elektromobil alınır, lakin bir yeri xarab olduqda ehtiyyat hissələri tapılmır və yaxud da baha qiymətə tapılır. Ehtiyyat hissəsi tapılsa belə, onu təmir edəcək usta problemi yaşanır. Amma dizel və benizinlə işləyən avtomobillərdə isə bu tam əksidir. Ona görə də benzin və dizellə işləyən avtomobillərin sahibləri düşünür ki, günə 5-6 manat artıq yanacağa pul versinlər, təki canları rahat olsun, gedib əlavə xərcə düşməsinlər. Bu baxımdan ölkəmizdə elektromobillərə tələbat hər nə qədər artsa da, bu, ənənəvi, yəni benzin, dizellə işləyən avtomobillərin qiymətinə və onlara olan marağın azalmasına bir o qədər də ciddi təsir göstərməyəcək”.

Elektromobillərin mənfi xüsusiyyətləri nədir?

Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov isə İqtisadiyyat.az-a açıqlamasında elektrikli avtomobillərin Azərbaycan bazarına daxil olmasını müsbət bir hal kimi qiymətləndirib. O, həmçinin elektromobillərin mənfi cəhətlərindən də danışıb:

“Elektrikli avtomobillərin xidməti servislərinin artırılması və qiymətlərinin tənzimlənməsi də müşahidə olunsaydı, daha yaxşı olardı. Bununla yanaşı, elektrik cərəyanı ilə şarj etmək imkanı olan məntəqələrin sayının artırılması da sevindirici bir hal olardı. Ümumilikdə, elektromobillərin digər avtomobillərin qiymətinə elə bir ciddi təsir göstərəcəyini düşünmürəm. Çünki elektrikli avtomobillər ƏDV-dən azad olduğu halda belə onun ehtiyyat hissələri, servis xərcləri çox bahalı olduğundan əhalinin hər bir təbəqəsi imkan baxımından onu əldə edə bilməyəcək”. 

R.Həsənov həmçinin söyləyib ki, "Utilizasiya haqqında qanun" sərtləşdirilməyənə qədər daxili yanacaq avtomobillərinə, ələxsus da dizellə işləyən avtomobillərə üstünlük veriləcək. O, daha böyük dövlətlərdə utilizasiyalarla bağlı xüsusi geniş proqramın mövcud olduğunu söyləyib.

Ekspert deyib ki, bu sərtləşmələr Azərbaycanda reallaşmayacağı təqdirdə, elektromobillərin daxili yanacaq mühərrikinə məxsus avtomobillərin qiymətinə təsiri olmayacaq.

Sadiq Cavadov