Bu il dünyada elektrikli avtomobil satışlarının güclü artım göstərərək 17 milyon ədədə çatacağı gözlənilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hər il dərc etdiyi "Qlobal Elektrikli Vasitələrə Baxış" hesabatında deyilir.

Hesabata görə, bu ilin birinci rübündə elektrikli avtomobil satışları keçən ilin eyni dövrü ilə müqayisədə 25% artıb. Birinci rübdə satılan elektrik nəqliyyat vasitələrinin sayı 2020-ci ildə satılan elektrikli avtomobillərin sayına bərabər olub.

Belə ki, bu il dünyada satılan hər 5 avtomobildən birinin elektriklə olacağı təxmin edilir. Bu satışın 10 milyonunun Çində olacağı və bu il ABŞ-də satılan hər 9 avtomobildən birinin, Avropada isə hər 4 avtomobildən birinin elektrikli olacağı təxmin edilir.

Hesabata görə, bu il elektrikli avtomobil satışlarında gözlənilən güclü artım ötən ilki rekord artım üzərində qurulub. Keçən il qlobal elektrikli avtomobil satışı əvvəlki ilə nisbətən 35% artaraq 14 milyon ədədə çatıb.

Tələb əsasən Çin, Avropa və ABŞ-də olsa da, Vyetnam və Tayland kimi inkişaf etməkdə olan ölkələrdə də elektrikli avtomobil satışı artıb.

 

Gözəl Həşimova