Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 1994-cü il təvəllüdlü samboçu Mehman Xəlilovun məşq zamanı 7 yaşlı Fərid Bakarova qarşı zorakılıq göstərməsi və azyaşlının həyatını itirməsi olayı cəmiyyətin bütün üzvlərində dərin sarsıntı yaradıb. Hadisə ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran şərq döyüş növləri ilə peşəkar məşğul olmuş keçmiş idmançı, Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü, deputat Vüqar İskəndərov bu sahədə boşluqların olduğunu diqqətə çatdırıb:

“Qeyri olimpiya idman növlərində məşqçi-müəllimlər arasında pərakəndəlik var. Bir çox federasiyalar, klublar özləri daxili imtahan keçirərək sertifikat və ya diplom verirlər. Bəziləri heç imtahan da keçirmir və bir idmançı qısa vaxt ərzində dönüb məşqçi-müəllim olur. Amma bilirik ki, müəllim ixtisasına yiyələnmək üçün bir insan pedaqogikanı, psixologiyanı bilməlidir. Bu peşənin texniki, taktiki tərəflərinə yiyələnməlidir. Bunların hər biri kompleks şəklində müəllim olacaq şəxsdə toplanmalıdır. Dünya təcrübəsində də görürük ki, bir çox məşhur idmançılar məşqçi kimi uğur qazana bilməyiblər. Əksinə idman karyerası zəif olan bir insan yaxşı məşqçi kimi dünyada tanınıb. Çünki bunlar ayrı-ayrı ixtisas, ayrı-ayrı sənətdir”.

V.İskəndərov analoji hadisələrin bir daha baş verməməsi üçün məsələyə daha geniş baxılmalı olduğunu qeyd edib: “Belə məşqçilər hələ kifayət qədərdir. Tez-tez görürük ki, şəhərə elan vurublar, uşaqları zallara, məşqlərə dəvət edirlər. Gənclər və İdman nazirliyi, aiddiyatı federasiyalar, klublar, qurumlar təcili hərəkətə keçməlidir. Əsas şərq döyüş növlərində belə hallar mövcuddur. Xeyli klublar, zallar var ki, orada məşqçilərin kim olduğu, haradan lisenziya alaraq məşq keçdikləri araşdırılmalı, hər biri yenidən sertifikatlaşdırılmalıdır. Kimlər layiqdirsə, onlar qalıb işləməli, digərləri isə bu sahədən kənarlaşdırılmalıdır”.