Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Zərdab Rayon Mərkəzi Xəstəxanasında istilik sistemində problemlər yaranıb.

Bu barədə İqtisadiyyat.az-a hazırda xəstəxanada stasionar müalicə alan pasiyentlər məlumat verib.

Qeyd edilib ki, ötən ilin payızından havalar soyuyandan bəri tibb müəssisəsinin istilik sistemi işləmir. Uzun müddətdir mövcud halın yaşandığını söyləyən pasiyentlər problemin aradan qaldırılmamasından narazılıqlarını bildiriblər.

Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru Emil Kamilov da İqtisadiyyat.az-a açıqlamasında istilik sistemində problemlərin yarandığını və hazırda bunun davam etdiyini təsdiqləyib.

E.Kamilov mövcud problemin onun direktor vəzifəsinə təyin olunmamışdan əvvəl - yəni xəstəxananın keçmiş rəhbərliyinin zamanında yarandığını xatırladıb. O, buna baxmayaraq hazırda xəstəxanada temperaturun normal olduğunu söyləsə də, palatalarda istiliyin necə təmin olunduğu barədə danışmaq istəməyib.

E.Kamilov problemin qısa zamanda aradan qaldırılması üçün işlərə başlanıldığını vurğulayıb. Direktor qeyd edib ki, istilik sisteminin bərpası üçün Bərdə rayonundan mütəxəssislər dəvət olunub.

Məlumat üçün bildirək ki, E.Kamilov ötən ilin noyabrında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. O, daha əvvəl Zərdab Gigiyena-Epidemioloji Mərkəzinin direktoru olub.

Xatırladaq ki, Zərdab Rayon Mərkəzi Xəstəxanasının binası 1988-ci ildə inşa edilib. Uzun müddət baxımsız vəziyyətdə qalan binada 2013-cü ildə əsaslı təmir işlərinə başlanıb və 2016-cı ildə xəstəxananın yeni binası əsaslı təmirdən sonra istifadəyə verilib.