“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilib. 

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilir:

- akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 75 manat

- akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 60 manat

- akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 50 manat.

Qeyd edək ki, dəyişikliyə qədər peşə təhsili müəssisələrinin tələbələrinə 50 manat təqaüd verilirdi.