Bu gün nələr gözlənilir?

İqtisadiyyat.az xəbər verir ki, bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Gündəliyə 17 məsələ daxil edilib.

Formula 1 trekini əhatə edən küçələrdə nəqliyyatın hərəkəti bu gün səhər saat 08:00-dan etibarən bərpa olunacaq. Qeyd edək ki mərkəzi küçələr aprelin 24-də gecə 01:00-dan etibarən bağlı idi.

Bu gün Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan - Avropa İttifaqı yüksək səviyyəli enerji dialoqunun növbəti görüşü keçiriləcək. Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti görüşdə iştirak edəcək. Nazir Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simsonun dəvəti ilə Belçika Krallığına səfər edib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb. Bu gün başlayacaq təlimə Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri cəlb olunacaq. Azərbaycan, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və İngiltərə nümayəndələrinin iştirakı ilə keçiriləcək beynəlxalq təlim mayın 12-dək davam edəcək.

Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, Türkiyə parlamenti ilə əlaqələr üzrə işçi qrupunun üzvü Rəşad Mahmudov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün bu gün Türkiyənin İzmir şəhərinə səfər edəcək. Deputatımız burada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə 9 Eylül Universiteti və Azərbaycan Dillər Universitetinin birgə keçirdiyi konfranslarda və bir sıra digər tədbirlərdə iştirak edəcək. Səfər mayın 6-da başa çatacaq.

Bu gün Akademik Milli Dram Teatrında uşaqlar üçün “Göyçək Fatma” tamaşası nümayiş olunacaq. Tamaşa saat 11:00-da başlanır. Biletin qiyməti 7 manatdır.

Bu gün Gənc Tamaşaçılar Teatrında isə azyaşlılar üçün Pierre Kullifordun “Şirinlər” nağıl-tamaşası nümayiş olunacaq. Tamaşa saat 12:00-da başlanır. Biletlərin qiyməti 6-8 manat arasında dəyişir.

Naftalan və Goranboy rayonunun bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. “Qazıməmməd-Qazax” birinci xətt yüksəktəzyiqli magistral qaz kəmərinin yeni çəkilmiş hissəsinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı, saat 09:00-dan etibarən sabah işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Naftalan şəhərinin tam olaraq, Goranboy rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 1-dən 7-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək. Oyunların təqviminə əsasən, turnirdə Azərbaycan millisi ilə yanaşı, Albaniya, Farer adaları və Moldova seçmələri də mübarizə aparacaqlar. U-17 millimiz ilk oyununu bu gün Farer adaları təmsilçisinə qarşı keçirəcək. 

Bu gün futbol üzrə Azərbaycan çempionatının 33-cü turu çərçivəsində “Neftçi” “Qarabağ”la üz-üzə gələcək. “Bakcell Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq.