Bu gün nələr gözlənilir?

İqtisadiyyat.az.xəbər verir ki, Azərbaycanın orta məktəblərində bu gündən etibarən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. Tətil mayın 5-dək davam edəcək. Mayın 6-sı şənbə, mayın 7-si isə bazar gününə təsadüf etdiyindən ibtidailər ardıcıl 7 gün evdə olacaqlar. İbtidai siniflər üçün mayın 8-i dərs günüdür.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Ümumi yığıncağı keçiriləcək. Yığıncaqda Akademiyanın həqiqi və müxbir üzvləri, respublikanın tanınmış alim və ziyalıları ilə yanaşı, Türkiyə, Pakistan, Rusiya, Gürcüstan və başqa ölkələrin akademik elmi qurumlarından rəhbər şəxslərin iştirakı da nəzərdə tutulur.

Balıqların kürütökmə dövrü ilə əlaqədar bu gündən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1-dək davam edəcək.

Bu gün ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq. ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Bu gün Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bu gün Akademik Milli Dram Teatrında uşaqlar üçün "Çippolino" tamaşası nümayiş olunacaq. Tamaşa saat 12:00-da başlanır. Biletin qiyməti 7 manatdır.

Bu gün Beynəlxalq Muğam Mərkəzində muğam variasiyalarını ilk dəfə fortepianoda ifa edən ilk azərbaycanlı pianoçu qadın Xədicə Qayıbovanın 130 illiyinə həsr olunan konsert proqramı keçiriləcək. Xatirə gecəsi saat 19:00-da başlanır. Biletin qiyməti 10-20 manat arasında dəyişir.

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatı start götürəcək. Yığmamız 14 gün davam edəcək yarışda tam heyətlə mübarizə aparacaq. Milli mayın 15-də Bakıya qayıdacaq.