Bu gün nələr gözlənilir?

İqtisadiyyat.az xəbər verir ki, işğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər bu gün saat 15:00-da satışa çıxarılacaq. Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş olunmalıdır.

Bu gün paytaxtın Xətai və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Saat 09:00-dan işlər başa çatanadək bəzi ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Xətai rayonunun Müşfiq, Qvardiya və Azadlıq küçələrində, həmçinin Suraxanı rayonunun Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyi sahibkarlarla növbəti görüşü bu gün Şəmkir rayonunda keçirəcək. Aksiya Şəmkir şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq.

Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Cavanşir Paşazadə, Ağalar Vəliyev və deputat Malik Həsənov bu gün Daşkənd şəhərinə səfər edəcəklər. Millət vəkilləri “Heydər Əliyev İli” çərçivəsində Daşkənd Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində təşkil olunacaq “Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı, qurucusu, Azərbaycan-Özbəkistan dostluq və strateji əməkdaşlığının əsasçısı” adlı beynəlxalq konfransda iştirak edəcəklər. Səfər çərçivəsində deputatlardan Cavanşir Paşazadə Milli Məclisin, Ağalar Vəliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA), Malik Həsənov isə MDB Parlament Assambleyasının xətti ilə Özbəkistan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq referendumunu müşahidə edəcəklər.

Bu gün Bakıda Azərbaycan Memarlıq ve İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə “Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresi keçiriləcək. Konqresdə Türkiyə, ABŞ, Yaponiya, Kanada, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Hindistan, Yunanıstan və digər ölkələrdən olan nüfuzlu alimlər iştirak edəcəklər. Konqresin plenar iclasında dünyanın qabaqcıl elm adamları ilə yanaşı, Tokio Texnologiya İnstitutunun fəxri professoru, Yaponiya Seysmik İzolyasiya Cəmiyyətinin prezidenti Akira Wada iştirak edəcək. Akira Wada plenar iclasda “Seysmik İzolyasiya Yastıqları və Sönüm Cihazları üçün Yeni Yüksək Performanslı Dinamik Sınaq Təsisi” mövzusunda məruzə ilə çıxış edəcək.

Bakıda Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından biri - Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisinin açılışı olacaq. Bu barədə Heydər Əliyev Mərkəzi məlumat yayıb. Bildirilir ki, sərgi Azərbaycanın “Synergy Partnership” şirkəti və Rusiyanın “PS Gallery” qalereyasının təşəbbüsü ilə keçiriləcək. Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunacaq əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri, eləcə də “canlı kətanlar”ı xatırladan multimedia yer alacaq. Bakıda nümayiş olunacaq əsərlər dünyada Salvador Dalinin orijinal işlərindən ibarət ən böyük kolleksiyalardan biridir. Sərgi aprelin 27-dən oktyabrın 8-dək ictimaiyyət üçün açıq olacaq. Biletləri aprelin 27-dən etibarən Heydər Əliyev Mərkəzinin kassasından əldə etmək mümkündür. 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən növbəti Milli Muğam Müsabiqəsi 2-ci turu baş tutacaq. Bu gün xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər seçiləcək. Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq. Birinci yeri tutan iştirakçılar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.

Bu gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Heydər Əliyev İli” çərçivəsində Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovun 95 illiyi münasibətilə ədibin “Ana tarla” povestinin motivləri əsasında hazırlanmış tamaşanın premyerası keçiriləcək. Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Bu gün Fransanın Xarici İşlər naziri Ketrin Kolonnanın Azərbaycan və Ermənistana səfəri başlayır. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında məlumat yer alıb.

BMT-nin Baş katibi Antoniu Qutierreş bu gün Vaşinqtona səfər edəcək. Səfər zamanı A.Qutierreş ABŞ dövlət katibi Entoni Blinkenlə görüşərək Ukraynadakı vəziyyəti müzakirə edəcək.