Bu gün nələr gözlənilir? 

İqtisadiyyat.az xəbər verir ki, bu gün Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən veloyürüş keçiriləcək. Dənizkənarı Milli Parkın ərazisində yerləşən “Dəniz Mall” ticarət və əyləncə mərkəzinin yaxınlığından saat 11:00-da start götürəcək veloyürüşə yalnız Vətən müharibəsi iştirakçıları və qazilər qatılacaqlar. İştirakçılar Dənizkənarı Milli Parkın ərazisi ilə hərəkət edərək Su İdmanı Sarayının yaxınlığından geri dönüb, start yerində yürüşü başa vuracaqlar. Azərbaycan Velosiped Federasiyası veloyürüşdə iştirak etmək arzusunda olan Vətən müharibəsi iştirakçılarını və qaziləri tədbirə qatılmağa dəvət edir.

Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Asim Mollazadə, Rafael Hüseynov, Erkin Qədirli, Nigar Arpadarai, Kamal Cəfərov AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Bu gün 45-ci dəfə təşkil olunacaq TRT Beynəlxalq Uşaq Festivalı 24 ölkədən yüzlərlə uşağı öz yaşıdları ilə bir araya gətirəcək. İstanbul Başakşehir Milli Bağçasında “Dünya uşaqları Türkiye üçün bir ürək” devizi ilə keçiriləcək tədbirdə prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilir. Dünyanın müxtəlif ölkələrindən yüzlərlə uşaq həm yaşıdlarına dəstək olacaq, həm də 23 Aprel şənliklərində iştirak edəcək. Tədbir çərçivəsində qonaq ölkənin uşaqları əvvəlcə paytaxt Ankarada Anıtqəbirdə, daha sonra TRT baş direktoru Mehmet Zahid Sobacı ilə TRT-də olacaqlar.

Bu gün türkiyəli müğənni Mabel Matizin Bakıda konserti baş tutacaq. Bakı Konqres Mərkəzində keçiriləcək konsert saat 20:00-da başlayacaq.

Daha çox Jah Khalib kimi məşhur olan azərbaycanəsilli hip-hop ifaçısı, repçi Bəxtiyar Məmmədovun Rusiyanın Moskva şəhərində bu gün keçirilməli olan konserti ləğv edilib. Qazaxıstanda fəaliyyət göstərən sənətçinin konserti “Crocus City Hall”da baş tutmalı idi. Buna səbəb Jah Khalibin sosial şəbəkə hesablarında Ukrayna xalqına açıq dəstək verməsi olub. Onun Rusiyanın başqa şəhərlərində keçirilməsi planlaşdırılan digər konsertləri də ləğv edilib.

Türkiyənin "TCG Anadolu" gəmisi bu gün Qara dənizə doğru hərəkət edəcək. 

Türkiyənin Xartumdakı səfirliyi Sudanda baş verən qarşıdurmalara görə vətənə qayıtmaq istəyən Türkiyə vətəndaşlarının bu gün təxliyyə ediləcəyini açıqlayıb.

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatına bu gün yekun vurulacaq.

Bu gün futbol üzrə Azərbaycan çempionatının 31-ci turuna "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq. Oyun saat 18:00-da başlayacaq.

Bu gün Yaponiyada regional seçkilərin mərhələsi keçiriləcək. Vətəndaşlar yerli şuralara qanunvericilər və bələdiyyə sədrlərini seçəcəklər, eyni zamanda, ölkə parlamentində boş qalan beş yerə də qanunvericilər seçiləcək.