Bu gün nələr gözlənilir? 

İqtisadiyyat.az xəbər verir ki, aprelin 22-də gecə və səhər dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var. 

Bu gün Pasxa bayramı şənlikləri çərçivəsində Bakıdakı Rus Evində ənənəvi xeyriyyə məqsədli Pasxa bazarı açılacaq. Tədbir Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Rusiyalı Həmvətənlər Koordinasiya Şurası, Azərbaycanın Rus icması, Rus Mədəniyyət Mərkəzi və “Yaşlek” tatar gənclər mərkəzinin dəstəyi ilə təşkil olunur. Yarmarkaya gələnlər ustaların əl işlərindən ibarət hədiyyə və məhsullar əldə edə biləcəklər.

Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində bu gün də qeyri-iş günüdür.

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün bu gün Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfər edəcək. Tədbirdə ATƏT PA-nın fəaliyyəti haqqında məlumat dinləniləcək, qurumun Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, Demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitələrinin hesabatları və qətnamə layihələri təqdim ediləcək, inzibati və maliyyə məsələləri müzakirə olunacaq.

Bu gün futbol üzrə Azərbaycan çempionatının 31-ci turu çərçivəsində "Turan" - "Sabah" və "Səbail" - "Neftçi" oyunları baş tutacaq.

Bu gündən Bakıda 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Millinin təlim-məşqləri aprelin 29-dək davam edəcək.

Bu gün ABŞ Müdafiə Nazirliyinin təşəbbüsü ilə 10 Avropa ölkəsinin ərazisini əhatə edəcək “Defender 23” hərbi təlimləri başlayır. Təlim iki ay davam edəcək.