İqtisadiyyat.az xəbər verir ki, Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin danışıqları bu gün də davam edəcək. Danışıqların 3-cü günündə, yəni bu gün ABŞ dövlət katibi E.Blinkenin də iştirakı gözlənilir.

Bu gün Albaniyanın Tirana şəhərində Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclası keçiriləcək. tədbirdə ölkəmizi energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.İclas zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticari-iqtisadi, energetika, kənd təsərrüfatı, nəqliyyat, rabitə, mədəniyyət, turizm və digər sahələr üzrə müzakirələrin aparılması nəzərdə tutulur.

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalı start götürəcək. Yarışda yığmanın 15-dən çox üzvü mübarizə aparacaq.

Festivalda Azərbaycanı Rauf Məmmədov, Nicat Abasov, Eltac Səfərli, Misrətdin İsgəndərov, Aydın Süleymanlı, Namiq Quliyev, Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, Ülvi Sadıqov, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Read Səmədov, Orxan Abdulov, Ülviyyə Fətəliyeva, İsmayıl Şahəliyev, Vüqar Manafov, Gövhər Beydullayeva, Gülnar Məmmədova və digərləri təmsil edəcəklər. Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək mötəbər turnir “Baku Crystal Hall”da olacaq. Yarışın ümumi mükafat fondu 55 000 dollar təşkil edir. 

Bu gün Heydər Əliyev sarayında məktəblilərin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Tarix yaradan şəxsiyyət” adlı yubiley konserti keçiriləcək. Elm və Təhsil Nazirliyindən bildirilib ki, konsertdə məktəblilər Ulu Öndərin ən sevdiyi mahnıları səsləndirəcək, həmçinin Heydər Əliyevə həsr olunan ədəbi-bədii kompozisiya nümunələri nümayiş etdirəcəklər. Bununla yanaşı, tanınmış mədəniyyət və incəsənət xadimləri də uşaqlarla eyni səhnəni bölüşəcəklər. Konsertdə Vətən müharibəsi şəhidlərinin övladları, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri, eləcə də Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən ümumilikdə 1500-ə yaxın şagirdin tamaşaçı qismində iştirakı nəzərdə tutulur.

Bu gün biologiya fənni üzrə respublika fənn olimpiadasının final turu keçiriləcək.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf turnirində bu gün növbəti oyununu Albaniya komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. İlk oyunda millimiz Farer adaları komandasını 4:2 hesabı ilə məğlub edib. 

Bu gün Türkiyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclası keçiriləcək. Tədbirdə iştirak etmək üçün Türkiyəyə yola düşəcək Ermənistan nümayəndə heyətinə parlamentin spikeri Alen Simonyan rəhbərlik edəcək. Ermənistan nümayəndə heyəti Parlament Assambleyasının iclasında, Simonyan isə parlament sədrlərinin sammitində iştirak edəcək. Simonyan Parlament Assambleyasının yaradılmasının 30 illiyinə həsr olunmuş parlament spikerlərinin sammitində iştirak edəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Çexiyaya səfər edəcək. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. İki günlük səfər çərçivəsində Paşinyan Çexiya prezidenti, baş naziri, parlamentin hər iki palatasının spikerləri ilə danışıqlar aparacaq.

Sudan ordusu və xüsusi təyinatlıları bu gündən ölkədə bir həftəlik atəşkəs rejiminin tətbiqi ilə bağlı prinsipial razılığa gəliblər.